Jurnalistika təhsili almaq istəyənlərin – NƏZƏRİNƏ!

Jurnalistika təhsili almaq istəyənlərin – NƏZƏRİNƏ!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Üçüncü ixtisas qrupu (DT altqrupu) üzrə imtahan verərək müsabiqə şərtini ödəyən (ümumi balı azı 200, ikinci mərhələ üzrə balı isə azı 100 olan) və “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlər iyulun 24-dən 27-si saat 23:59-dək Dövlət İmtahan Mərkəzinin internet səhifəsində sorğu anketini doldurmaqla qeydiyyatdan keçə bilərlər.

Bu barədə Tribuna.az -a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, tələbə qəbulu elanının “Ərizə qəbulu” bölməsinin 3-cü və 4-cü bəndlərində göstərilən kateqoriyalara aid abituriyentlərin qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına təmin olunacaq. Digər abituriyentlər isə qeydiyyat üçün tələb olunan məbləği şəxsi kabinetlərindəki hesaba əlavə etməlidirlər. Qabiliyyət imtahanı avqustun 4-də kompüter vasitəsilə keçiriləcək.

Qeyd olunub ki, bu ildən etibarən abituriyentlər inşa yazılarını elektron formada təqdim edəcəklər. Yenilik yazı işinin daha səliqəli hazırlanmasına, mətnin operativ redaktəsinə və ayrılmış vaxtdan səmərəli istifadəyə imkan yaradacaq. Bununla yanaşı, qiymətləndirmə prosesinin də daha effektiv təşkilinə şərait yaradılacaq.

İmtahan müddəti əvvəlki illərlə müqayisədə 30 dəqiqə artırılıb və yazı işinin yerinə yetirilməsi üçün abituriyentlərə 3 saat vaxt veriləcək. Qabiliyyət imtahanından uğurla keçən şəxslər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə biləcəklər.

Abituriyentlərə təqdim olunacaq inşa mövzuları və esseyə dair tələblərlə buradan tanış olmaq mümkündür.