İrandakı təxribatı kimin törətdiyin rəsmi açıqlama olmadan söyləmək çətindir. Bu addım İran tərəfindən Azərbaycanda İsrail səfirliyinin yaradılmasına cavab da olmuş ola bilər.
Bu sözləri Tribuna.az-a politoloq Züriyə Qarayeva İrandakı səfirliyimizə edilən və bir nəfərin ölümü ilə nəticələnən hücumu şərh edərkən deyib. Onun sözlərinə görə, Tehranın daha öncədən də Azərbaycana qarşı tutduğu mövqe bu arqumentin güclənməsinə təkan verir:
“Digər tərəfdən, terror aktının kənardan törədilməsi ilə Azərbaycanı İrana qarşı poliqona çevirmək istəyən qüvvələrin də ola biləcəyini unutmaq olmaz. Lakin hər iki halda bu hadisə son dövrdə gərginləşən İran-Azərbaycan münasibətlərinə daha bir güllənin sıxılması oldu. İran əgər təxribata görə məsuliyyəti çiyinlərindən atsa belə, bu hadisəyə görə rəsmi şəkildə səfirliyimizin təhlükəsizliyini təmin etmədiyi üçün üzrxahlıq etməzsə, o zaman terror aktının kim tərəfdən törədildiyini ortaya qoymuş olacaq”.
Politoloq bildirib ki, bu hadisədən sonra regionda proseslər daha da qızışa bilər.










