İşğaldan azad edilmiş ərazilərdə yeni güzəştlər edildi – QƏRAR

İşğaldan azad edilmiş ərazilərdə yeni güzəştlər edildi – QƏRAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün idxal güzəştlərinin əhatə dairəsi genişləndirilib.

Tribuna.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla Nazirlər Kabinetinin 2023-cü il 5 avqust tarixli 269 nömrəli qərarı ilə təsdiq edilmiş işğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnika, texnoloji avadanlıq, qurğu, xammal və materialların siyahısına dəyişiklik edilib.

Dəyişikliklə güzəştlərin tətbiq ediləcəyi fəaliyyət sahələrinin siyahısına bir sıra yeni istiqamətlər əlavə olunub.

Belə ki, südlük və digər iribuynuzlu mal-qara və camışların yetişdirilməsi, şirin su hövzələrində balıqyetişdirmə, ət və quş əti emalı, balıq və digər su məhsullarının emalı, yağ və piylərin, süd və pendir məhsullarının istehsalı, fermalarda saxlanılan heyvanlar üçün hazır yemlərin istehsalı və üzümdən şərab istehsalı güzəşt tətbiq edilən fəaliyyət sahələrinə daxil edilib.

Bundan başqa, əczaçılıq məhsullarının istehsalı, müxtəlif plastmas məhsulların, döşəmə, divar və tavan örtüklərinin, şüşə məmulatlarının, bıçaq məmulatlarının və digər hazır metal məhsulların istehsalı da siyahıya əlavə olunub.

Güzəştlərin əhatə etdiyi fəaliyyətlər sırasına həmçinin bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisinin istehsalı, elmi tədqiqatlar və işləmələr, kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və qablaşdırılması daxil edilib.

Qərarda qeyd olunur ki, ikinci və üçüncü siyahılar üzrə müəyyən edilmiş texnika, texnoloji avadanlıqlar, qurğular, xammal və materialların idxalına ƏDV və gömrük rüsumu güzəşti yalnız birinci siyahıda göstərilən iqtisadi fəaliyyət sahələri üzrə istehsal qurulduğu halda tətbiq ediləcək.

Eyni zamanda, yeni əlavə edilmiş kənd təsərrüfatı istiqamətləri üzrə investisiya layihələrinə güzəştlər yalnız texnika, texnoloji avadanlıq və qurğuların idxalı zamanı tətbiq ediləcək.

Qərarla idxalı güzəştli şərtlərlə həyata keçirilə bilən malların siyahısına da yeni mövqelər əlavə olunub. Bunlar arasında süni və hazır mumlar, etilen polimerləri, plastmas məmulatlar, qara metallardan zəncirlər və mətbəx məmulatları, alüminium məmulatları, sink məhsulları, müxtəlif mühərrik və qaldırıcı avadanlıqlar, elektrik siqnalizasiya və idarəetmə qurğuları, habelə dəmir yolu və tramvay xətləri üçün avadanlıqlar yer alır.

Qərarla bəzi mallar üzrə mövcud müddəalara dəyişiklik edilib, bir sıra mövqelər isə siyahıdan çıxarılıb.