Hərbi xidmətə işə düzəltmək adı ilə bir neçə nəfəri aldadaraq onlardan pul alan şəxs məhkəmə qarşısına çıxarılıb.
Tribuna.az Qaynarinfo-ya istinadla xəbər verir ki, məhkəmə materiallarına əsasən, təqsirləndirilən şəxs heç bir səlahiyyəti olmadığı halda tanışlarına onları hərbiçi kimi işə düzəldəcəyini vəd edib. O, bu yolla vətəndaşların etibarından sui-istifadə edərək müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirib.
Araşdırma zamanı müəyyən olunub ki, təqsirləndirilən şəxs 2024-cü ilin oktyabr-noyabr aylarında zərərçəkmişlərdən birindən hissə-hissə ümumilikdə 4100 manat pul alaraq mənimsəyib. Bundan başqa, digər iki zərərçəkmişdən müvafiq olaraq 1100 manat və 2524 manat məbləğində vəsaiti eyni üsulla əldə edib.
Beləliklə, o, ümumilikdə 7724 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq əməli törədib.
Məhkəmə təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq) maddəsi ilə tövsif edib. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
Hökmə əsasən, o, 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Daha əvvəl çıxarılmış hökm üzrə təyin olunmuş cəza ilə qismən toplanılmaqla onun üzərində qəti olaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün cəza müddətindən çıxılıb və üzərində qəti olaraq 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.









