Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil. İndi İranın qarşısında 2023-cü ilin güclü Azərbaycanı var. Bizə olan münasibətini, siyasətini dəyişməsə, bu onun öz başında çatlayacaq. İran təcili olaraq Azərbaycana olan münasibətinə yenidən baxmalı, mövqeyini dəyişməli, bizimlə qonşu olduğunu unutmamalıdır.
Bu sözləri Axar.az-a deputat Vüqar İskəndərov İranla Azərbaycan arasında baş verən son olaylar barədə danışarkən deyib. Millət vəkili bildirib ki, İranın əsas dövlət quruluşu Türk düşmənçiliyi üzərində qurulub:
“İran-Turan tarixi məsəli əbəs yerə deyilmir ki. İranın illərdir sürən Türk düşmənçiliyi var. Ancaq bu düşmənənçiliyin tarixi səbəbi yoxdur. Bu günə qədər nə Türkiyə, nə Azərbaycan İrana qarşı düşmən mövqe sərgiləməyib. Əksinə biz həmişə İranla qonşu, dost münasibətinə cəhd etmişik. İranın bizim oradakı soydaşlarımızın dilinə olan münasibəti, məktəblərinə, mədəniyyətlərinə olan laqeyd münasibəti göz önündədir. Biz müstəqillik qazandıqdan sonra İranla dostluğa, qonşuluğa sədaqətli münasibət sərgiləmişik. İran isə əksinə, həmişə açıq düşmən mövqeyi sərgiləyib bizə qarşı. Ermənistana verdiyi dəstək, etdiyi köməkləri hamımız bilirik. Torpaqlarımızın işğalı illərində şəhərlərimizin talan edilməsi, sümürülməsi, ermnilərlə işbirliyi, onların orada məskunlaşması üçün əllərindən gələni etmələri onların bizə olan münasibətinin səviyyəsini göstərir”.
Deputat qeyd edib ki, bu gün Azərbaycanın dünyada söz sahibi olması, siyasi, iqtisadi, hərbi gücünün artması, prezident İlham Əliyevin nüfuzunun dünyada durmadan artması İranın yuxusunu ərşə çəkib:
“Bütün bu səbəblərdi ki, İran hansısa formada Azərbaycana təzyiqlər etməyə çalışır. Siyasətçilərin, jurnalistlərin dili ilə bizə hədə-qorxu gəlir. İranın bu gün sərgilədiyi münasib onun özünə ziyan vuracaq. İran başa düşməlidir ki, Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil. İndi onların qarşısında 2023-cü ilin Azərbaycanı var. Bizə olan münasibətini, siyasətini dəyişməsə bu onun öz başında çatlayacaq. İran təcili olan Azərbaycana olan münasibətinə yenidən baxmalı, mövqeyini dəyişməli, bizimlə qonşu olduğunu unutmamalıdır”.









