İranın Azərbaycandakı agentura sistemi çökdürülür. Bu əla. Amma İranın Azərbaycanda əsas agenturası molla deyil, narkotrafikdir. İrandan trafikin qarşısını almaq problem deyil, sağ olsun sərhəd qoşunları. Amma kimyada 5-6 reaksiyadan başı çıxan adam patını qarajda da düzəldə bilər. Çünki onun tərkibini oturduğun yerdə tapmaq 15 dəqiqənin işidir. Anlayacağınız, mən əminəm ki, İran patını burda da istehsal edir, içəridə.
Tribuna.az xəbər verir ki, bu barədə həkim Müşfiq Hüseynov bildirib. O qeyd edib ki, sintetik narkotikin küçələrə yol tapmasının qarşısını almaq üçün mütləq yüngül narkotikə icazə vermək lazımdır, məsələn, marixuanaya:
“Vəziyyətdən çıxış yolu kimi ya marixuana leqallaşmalı və apteklərdə xüsusi reseptlə satılmalıdır. Ya da təbii xaşxaş yağı olan Canabisin satışına icazə verilməlidir.
Canabis (kanabis) uzun illər nənələrimiz tərəfindən çörək bişirmədə istifadə olunan qara dənəciklərdən alınan yağdır. Dünyanın demək olar hər yerində biologi qida əlavəsi kimi satılır. Belə deyək, 2 kapsul kanabis 200 qr araq kimidir. Güclü ağrəkısicidir, antioksidantdır və onkologiyada ağrıkəsici kimi istifadə oluna bilər.
Avropada kanabisin kapsulundan spreyinə kimi hər şey satılır. Özü də açıq, marketdə. Türkiyədə bu ildən qeydiyyatına icazə veriləcək. Biz də bu barədə düşünsək pis olmaz. Hələ gec deyil. Qadağan etmək, “olmaz” deyib həbs etmək çıxış yolu deyil. İcazə verib, nəzarətdə saxlamaq lazımdır”.
Həkim bildirib ki, patı adlanan sintetik narkotiki sıradan ancaq belə çıxarmaq olar:
“Bu böyük biznesdir. Export imkanları sınırsızdır. Maliyyəti isə qəpik-quruş. Sistemə salınsa, ölkə ciddi xeyir götürər. Patı bəlasından başqa çıxış yolu yoxdur”.









