Qadın və Uşaq Platforması olan “Afina xəbərlər” tərəfindən hər il 14 May Analar Günündən 4 gün sonra elan edilən “İlin Anası Mükafatı” bu il Türk iş qadını və gənc ana olan Pərinaz Yamana verildi.
Tribuna.az Afina xəbərlər saytına istinadən bildirir ki, Qadın və Uşaq Platformasının rəhbəri Ebru Ramazan iş qadını Pərinaz Yaman haqqında açıqlama verib.
Ebru Ramazan Avrasiya Yerli Hakimiyyətlər Dərnəyi tərəfindən İstanbulda təşkil edilən şam yeməyində onun həyat hekayəsini dinlədiyini və çox təsirləndiyini bildirib.
O, açıqlamasında bildirib ki, “Pərinaz xanımın həyat hekayəsi bizə böyük dərs verdi. 14 yaşında ikən 41 yaşlı adamla uşaq gəlin kimi ailə quran Pərinaz xanım 19 yaşında 3 uşaq anası olanda ərindən ayrıldı. 3 övladına həm ana, həm də ata olan gənc anamız bu müddət ərzində ayaq üstə durmağa çalışır və bizneslə məşğul olur. O, işinə köklənərkən ikinci evliliyi olur və bu evlilikdən 3 övladı dünyaya gəlir. İkinci evliliyində də 2 körpəsini itirir. Bütün bunlar davam edərkən Pərinaz xanım 6 uşaq anası olaraq həm işini davam etdirir, həm də övladlarını böyüdür.
İş dünyası həyatını o qədər əhatə edir ki, Batmanda motor zavodu qurur. Hazırda istər iş dünyasında, istər siyasətdə, istərsə də ictimai həmrəylik və yardım təşkilatlarında Pərinaz xanımı ön planda görürük. Belə çətin həyatda biz gənc qadınlara nümunə olmaq və təslim olmamaq üçün 2016-cı ildən bəri keçirdiyimiz “İlin Anası Mükafatı”nı 2023-cü ildə Pərinaz Yaman xanıma təqdim etməyi məqsədəuyğun hesab etdik”.









