İLHAM ƏLİYEVİN ŞUŞADAN BƏYANATLARI – PREZİDENTDƏN GÜNÜN AÇIQLAMALARI

İLHAM ƏLİYEVİN ŞUŞADAN BƏYANATLARI – PREZİDENTDƏN GÜNÜN AÇIQLAMALARI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Heydər Əliyevə göstərilən inam Azərbaycan xalqının müdrikliyini bir daha göstərdi. Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti kimi misilsiz xidmətləri olub. Məhz onun qoyduğu yolla bu gün Azərbaycan uğurla gedir.

Tribuna.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində deyib.

Prezident qeyd edib ki, Heydər Əliyevin 1993-cü ilin oktyabrında böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçiləndən dərhal sonra ciddi islahatlara başlayıb, siyasi sahədə islahatlar aparıb, bütün azadlıqlar təmin edilibdi:

“AXC-Müsavat cütlüyü tərəfindən tətbiq edilmiş antidemokratik senzura qaydaları ləğv edildi. Azərbaycan dünyaya açıldı, beynəlxalq təcridə son qoyuldu.
Milli-mənəvi dəyərlərin qorunmasında, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində Ulu Öndərin çox böyük rolu olub.
Məhz onun təşəbbüsü ilə 1996-cı ildə Azərbaycanda birinci Gənclər Forumu keçirilmişdir. O vaxtdan bu günə qədər müntəzəm olaraq Gənclər Forumu keçirilir. Qarabağı, Zəngəzuru azad edən məhz gənclər olmuşdur, ovaxtkı gənclər və son 20 il ərzində yetişmiş gənclər.
Heydər Əliyevin ordu quruculuğu sahəsində də çox böyük xidmətləri olmuşdur. Məhz onun fəaliyyəti nəticəsində nizami ordu yaradılmışdır.
O vaxt maliyyə imkanlarımızın məhdud idi, orduya lazımi qədər vəsaitin ayrılması mümkün olmadığı vaxtlar idi. Buna baxmayaraq, vəsaitin qıtlığına baxmayaraq, ordu quruculuğu üçün çox ciddi addımlar atılmışdır.

Daxili və xarici düşmənlər də başa düşürdülər ki, Azərbaycan artıq inkişaf yoluna qədəm qoyub. Onlar öz çirkin əməllərindən əl çəkmək fikrində deyildilər.

“Əsrin kontraktı” imzalanandan iki həftə sonra Azərbaycanda dövlət çevrilişinə cəhd edildi. Yenə də Heydər Əliyev amili, xalqın ona inamı bu cəhdin qarşısını aldı. Yüz mindən çox insan Azadlıq meydanına toplaşaraq öz Liderinə dəstəyini göstərdi və hərbi çevrilişdə əli olan ünsürlər pərən-pərən oldular”.

Heydər Əliyevin öz xalqına sıx bağlı olmasından danışan İ.Əliyev bildirib ki, məhz onun təşəbbüsü ilə Azərbaycan dilinin qorunmasına dair önəmli addımlar atılmışdır, müvafiq sərəncamlar imzalanmışdır:

“Azərbaycan dilinin qorunması milli kimliyimizin qorunması deməkdir. Azərbaycan dili çox zəngin dildir. Dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili Ana dilidir. Məhz Ulu Öndərin təşəbbüsü ilə Ana dilimizin qorunması istiqamətində atılan addımlar bu gün də davam etdirilir və bu, daim davam etdirilməlidir”.