Avropa İttifaqında ölkəmiz əleyhinə Fransa başda olmaqla bəzi ermənipərəst qüvvələrin vaxtaşırı qəbul etdirmək istədiyi qətnamə layihələrinin və ya qərarların bloklanması baxımdan Bakı-Sofiya əməkdaşlığı vacibdir.
Bu sözləri Tribuna.az-a siyasi şərhçi Turan Rzayev Prezident İlham Əliyevin Bolqarıstan səfəri və iki ölkə dostluğunun Azərbaycana təsirləri barədə danışarkən deyib. O bildirib ki, Bolqarıstanda Dövlət Neft Şirkətinin (SOCAR) ofisinin açılması da Azərbaycana yeni imkanlar qazandıracaq:
“Bununla Azərbaycan Türkiyədən sonra Bolqarıstanla da Qara dənizdə aşkarlanan yeni neft və qaz yataqlarının birgə istismar edilməsində ortaq işlər icra edə bilər.
İki ölkə arasında siyasi münasibətlər müsbət tendesiya üzrə inkişaf edir. Rəsmi Bakı üçün Bolqarıstan həm də o baxımdan önəmlidir ki, Sofiya həm Avropa İttifaqının, həm də NATO-nun üzvüdür. Xüsusilə Avropa İttifaqında ölkəmiz əleyhinə Fransa başda olmaqla bəzi ermənipərəst qüvvələrin vaxtaşırı qəbul etdirmək istədiyi qətnamə layihələrinin və ya qərarların bloklanması baxımdan Bakı-Sofiya əməkdaşlığı vacibdir”.










