Paşinyan hakimiyyəti Zəngəzur yoluna dəhliz statusu verilməsinə qarşı mövqeyini davam etdirir. Erməni baş nazir bu ərazilərin tarixən Ermənistana məxsus olduğunu bəyan edərək dəhlizin açılışı hesabına Ermənistanın öz ərazisinin bir hissəsi üzərində yurististikasını itirəcəyi haqqında dezinformasiyalar yayır.
Tribuna.az məlumat verir ki, ümummilli lider Heydər Əliyev öz çıxışlarında XX əsrin 20-ci illərində sovet hakimiyyəti yeni qurulan zaman Azərbaycana qarşı ədalətsizlik edildiyini bildirmişdi. Ulu öndər hesab edirdi ki, Zəngəzur mahalı və Zəngəzurun Araz sahilindəki Mehri rayonu da Ermənistana verilib.
“Məsələn, məlumdur ki, Mehri rayonunda böyük bir Nüvədi kəndi var. O, çoxminlik əhalisi olan bir kənddir, sırf azərbaycanlı kəndidir. Nüvədi Arazın sahilində Naxçıvanla Azərbaycanın böyük torpağını ayıran, indi Ermənistanın olan Mehri rayonunda, həmin məsafənin düz ortasında yerləşir. Həmin Nüvədi kəndi də 1929-cu ildə Azərbaycanın tərkibindən qoparılaraq Ermənistana verilibdir. Amma Nüvədi tamamilə Azərbaycan kəndi və qədim, çox böyük ənənələrə malik olan bir kənddir. Onu da deyə bilərəm ki, həmin Nüvədi kəndinin əhalisi çox dəyanətli insanlardır. Mənim xatirimdədir, hətta Ermənistanın ərazisindən azərbaycanlıların əksəriyyəti çıxarıldığı halda, 1991-ci ildə onlar Nüvədidən çıxmırdılar. Sonradan onları oradan zorla çıxarıb Zəngilandakı Vejnəli kəndinin yanına gətirdilər. Orada çadırlarda yaşayırdılar. Onlar doğma kəndlərindən çıxmırdılar, mübarizə aparırdılar. Onları oradan çıxara da bilmirdilər. Sonradan bir neçə dəfə Naxçıvana mənim yanıma gəldilər, imdad istədilər. Amma mən özüm Naxçıvanı çox çətinliklə qoruyurdum, onlara nə edə bilərdim? Buna baxmayaraq, onda bizim imkanımız var idi, Zəngilan rayonunun Vejnəli kəndinin yanında yerləşən çadırlara, nüvədililərin yanına vertolyot vasitəsilə bir neçə dəfə nümayəndələr göndərdim. Biz oraya müəyyən yardım göndərdik, onlarla əlaqə saxlayırdıq” – deyə Heydər Əliyev bildirirmişdi.









