Hansı evlərə çıxarış verilməyəcək? – AQC sədri AÇIQLADI

Hansı evlərə çıxarış verilməyəcək? – AQC sədri AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sənədsiz evlərin qeydiyyata alınması ilə bağlı məsələ hazırda Milli Məclisdə müzakirə olunur.

Bununla bağlı müxtəlif təkliflər irəli sürülüb və prosesin müsbət nəticələnəcəyi halda ölkədə əmlak kadastrının formalaşdırılması istiqamətində mühüm addım atılmış olacaq.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc BAKU.WS-ə bildirib ki, hazırda amnistiya ilə bağlı yekun qərar qəbul edilməyib:

“İlk mərhələdə əsas məqsəd sənədsiz evlərin qeydiyyata alınması üçün qanunvericilik bazasının formalaşdırılmasıdır. Bu istiqamətdə qanunvericiliyə dəyişikliklərin edilməsi müzakirə olunur.

Amnistiya tətbiq olunacağı halda bu proses mərhələli şəkildə həyata keçirilə bilər. İlk növbədə şəhərsalma prinsiplərinə uyğun inşa edilmiş, lakin müxtəlif səbəblərdən sənədləşdirilməmiş yaşayış evlərinin qeydiyyata alınması məqsədəuyğun görünür”.

AQC sədri əlavə edib ki, kommunikasiya xətlərinin, magistral yolların, neft və qaz kəmərlərinin, strateji obyektlərin mühafizə zolaqlarının, eləcə də yüksək gərginlikli elektrik xətlərinin üzərində və ya yaxınlığında yerləşməyən evlərə prioritet qaydada çıxarış verilməsi mümkün ola bilər:

“Bir çox vətəndaş maddi imkanlarının məhdudluğu səbəbindən yaşayış təyinatlı torpaq sahəsi almaq əvəzinə daha ucuz kənd təsərrüfatı təyinatlı torpaq əldə edib və həmin ərazilərdə ev tikib. Bu evlərin sahibləri illərdir kommunal xidmətlərdən istifadə edir, müvafiq ödənişləri həyata keçirirlər və faktiki olaraq həmin əmlakların sahibidirlər.

Bununla belə, həmin mülkiyyətlərin hüquqi statusunun tam formalaşması üçün onların dövlət əmlak reyestrində qeydiyyata alınması və çıxarışla təmin olunması vacib hesab edilir.

Növbəti mərhələlərdə sənədlərinin bir hissəsi mövcud olan evlər, eləcə də şəhərsalma və təhlükəsizlik tələblərinə cavab verən digər yaşayış evləri də qeydiyyat prosesinə cəlb oluna bilər”.

Vüqar Oruc sonda vurğulayıb ki, ölkədə sənədsiz evlərin sayı yüz minlərlə ölçülür və onların qeydiyyata alınması təkcə vətəndaşların mülkiyyət hüquqlarının qorunmasına deyil, həm də daşınmaz əmlak bazarının şəffaflaşmasına, vergi bazasının genişlənməsinə və ümumilikdə iqtisadi aktivliyin artmasına xidmət edə bilər.