Ermənistan müxalifətinin revanşist qanadının təmsilçilərindən olan İşxan Saqatelyan yenidən Azərbaycanla bağlı sərt və qorxu üzərində qurulan iddialarla çıxış edib. Bu dəfə o, Ermənistan hakimiyyətini ittiham edərək Bakının guya növbəti mərhələdə İrəvandan ordudan imtina etməyi tələb edə biləcəyini söyləyib.
Musavat.com xəbər verir ki, Ermənistan parlamentində “Ermənistan” fraksiyasını təmsil edən İşxan Saqatelyan 2022-ci ilin sentyabr hadisələrini xatırladaraq hakimiyyətin cəmiyyəti yenidən “ərazi güzəşti, yoxsa müharibə” seçimi qarşısında qoyduğunu iddia edib.
Saqatelyan 2022-ci ilin sentyabr döyüşlərində 224 erməni hərbçisinin öldüyünü və Azərbaycanın təxminən 200 kvadratkilometr əraziyə nəzarət etdiyini bildirib. Bunlar erməni deputatın səsləndirdiyi rəqəmlərdir.
Lakin İşxan Saqatelyanın çıxışında ən diqqətçəkən məqam onun Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin azad edilməsini hələ də Ermənistanın “ərazi güzəştləri” kimi təqdim etməsi olub.
Revanşist siyasətçi həyasızlıqla 2020-ci il 44 günlük müharibəsindən sonra Ağdam, Kəlbəcər və Laçının Azərbaycana qaytarılmasını da Ermənistanın verdiyi “güzəştlər” siyahısına daxil edib. O, həmçinin Gorus-Qafan yolunun ayrı-ayrı hissələrində nəzarətin dəyişməsini və sərhəddə baş vermiş digər prosesləri eyni kontekstdə təqdim edib.
Saqatelyanın bu ritorikası Ermənistan müxalifətinin bir hissəsinin 2020-ci ildən sonra yaranmış reallıqlarla hələ də barışmadığını bir daha göstərir. Azərbaycanın suveren ərazilərinin geri qaytarılmasının “Ermənistan torpaqlarının verilməsi” kimi təqdim olunması həmin siyasi qüvvələrin revanşist yanaşmasının əsas elementlərindən biri olaraq qalır.
İşxan Saqatelyan daha sonra iddia edib ki, Azərbaycan qarşısında geri çəkilmə siyasəti davam edərsə, “növbəti tələb Ermənistanın ordudan imtina etməsi ola bilər”.
Saqatelyan bununla bağlı Bakının belə bir tələb irəli sürdüyünü göstərən hər hansı konkret fakt açıqlamayıb.









