YanvarIn 27-si Elm və təhsil naziri Emin Əmrullayevin Sumqayıt şəhərində keçirdiyi vətəndaş qəbuluna qazi ailəsini buraxmayıblar.
Tribuna.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat paylaşıb. O bildirib ki, qəbul vaxtı nazirin qəbuluna gələn şikayətçiləri əvvəlcədən görüşün keçiriləcəyi ünvanda akt zalına toplayıblar:
“Daha sonra şikayətçilər arasında seçim eləməyə başladılar. Öz adamlarını qəbula buraxıb, qalanlarını akt zalında gözlətdilər.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşları və nazirliyin bəzi əməkdaşları xüsusi canfəşanlıq göstərməklə, müxtəlif bəhanələr uydurmaqla, özlərinə “təhlükə” kimi gördükləri əsas şikayətçiləri, o cümlədən qazi zabitin ailəsini qəbula buraxmadılar.
Saat 15:00 radələrində isə eşitdik ki, nazir çıxıb gedib. Nazir getməzdən öncə 2-ci mərtəbədə foyedə qəbula növbə gözləyən təixminən 7-8 vətəndaş var idi, “nazir nahar edir” bəhanəsi ilə foyedəkiləri otağa salib, qapını bağladılar və nazirin oranı rahat tərk etməsini təmin etdilər.
Onun gedişindən sonra şikayətçilərlə nazirlik əməkdaşları arasında mübahisə yarandı. Şikayətini bildirən qazi ailəsinin üstünə polis əməkdaşları çağırıldı.
Nazirlik əməkdaşları neçə saatdır nazirin qəbuluna düşməyi gözləyən şikayətçilərə qarşı olduqca kobud rəftar edirdi. Az qala şikayətçiləri oradan qovurdular. Şikayətçilər nazir müavini Eşqi Bağırovla görüşməkdən imtina etdilər.
Yəqin ki, Emin Əmrullayevin bütün bunlardan xəbəri olmayıb, bəlkədə ona heç şikayətçilərin sayı barədəd də məlumat verilməyib. Bildirmək istəyirəm ki, belə vətəndaş qəbulu olmur, bu, rəzalətə vətəndaş qəbulu adı verməkdir”
Tribuna.az









