“Ximekspress-2000″ Firması barəsində iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Valyuta tənzimi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib olunub. Protokol İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə irəli sürülüb. İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir. İş Sumqayıt Şəhər Məhkəməsində hakim Fikrət Əliyevin icraatındadır.
Tribuna.az isə araşdırıb ki, şirkət Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova yaxınlığı ilə seçilir. Eldar Əzizov hələ Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı olarkən burada keçirilən tenderlərin böyük əksəriyyətinin qalibi “XİMEKSPRESS-2000” Firması olub.Eldar Əzizovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmasından sonra bu firma ilə bağlanan müqavilələr də bunu deməyə əsas verir.
“Ximekspress 2000 Firması”nın 25 may 2000-ci ildə dövlət qeydiyyatına alınıb. Reyestr məlumatlarında firmanın nizamnamə kapitalının 40 manat olduğu, qanuni təmsilçisi isə Nuriyev İlqar Cəllad oğludur. Qusar rayonu Quxuroba kənd orta məktəbinin müəllimlərinin “Ximekspress 2000” firması barədə şikayəti yayılmışdı. Şikayətdə müəllimlər firmanın məktəb binasını təmir üçün sökdüyünü,lakin dərs ilinin başlanmasına az vaxt qalsa da,təmir işlərinə başlamadığını bildirılırdi.
Apardığımız təkrar araşdırma zamanı “Ximekspress 2000 Firması”nın kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında Sumqayıtdakı 2 saylı Ərazi Vergilər Baş İdarəsində 15.05.2000-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib.Nizamnamə kapitalı 40 manat olan Firmanın hüquqi ünvanı Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi,məh 14,ev 112-dir.Bura qədər hər şey əvvəlki kimidir. Məlumatda sadəcə firmanın qanuni təmsilçisinin Mahmudov Rəhim Rəsul oğlu ilə əvəzləndiyi məlum oldu.
İndi firmanın qanuni təmsilçiliyində formal bir dəyişiklik edilib. Bu da İlqar Nuriyevin Eldar Əzizova yaxınlığı ilə bağlıdır.Əldə etdiyimiz son məlumatlara görə Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə bir milyon manat civarında satınalma müqaviləsi bağlanılmış fiziki şəxs Arzu İsmayılova məhz “Ximekspress 2000 Firması”nın təmsilçisidir. Bu isə o deməkdir ki, Eldar Əzizov hələ də ona yaxınlığı ilə tanınan İlqar Nuriyevlə işbirliyini davam etdirir.Sadəcə bu işbirliyinin formatı dəyişdirilib.









