Hökumət düşünürsə ki, bu addım qeyri-leqal əməliyyatların və müəyyən qədər vergidən yayınma hallarının qarşısını alacaq, əsla. Əslində əks-effekt doğuracaq. İnsanlar nağd pula keçəcəklər.
Tribuna.az xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli kart köçürmələri ilə bağlı tətbiq edilən limit qərarı ilə bağlı danışarkən deyib. O bildirib ki, kartda pul saxlayanlar da, karta ödənişlər də azalacaq:

“Ölkədə “card-to-card” əməliyyatlarına müəyyən məhdudiyyətlər gətirilib. İnsanlar əvvəl kartda pul saxlayırdılar, heç bir problem olmadan kartdan-karta köçürürdülər.
İstənilən məhdudiyyətlərdə alternativlər də olur. Belə qərarlar qəbul edilərkən hökumət düşünürsə ki, bu addım qeyri-leqal əməliyyatların və müəyyən qədər vergidən yayınma hallarının qarşısını alacaq, əslində əks-effekt doğuracaq. İnsanlar nağd pula keçəcəklər. Kartda pul saxlamaq əvəzinə gedəcək bankomatdan nağdlaşdırıb cibinə qoyacaq. Yəni köhnə vəziyyətə qayıdacaq.
Belə məhdudlaşdırıcı addımlarla vergi və digər məsələləri həll etmək mümkün deyil – yəni “saça kəpək düşəndə, başı kəsmirlər, səbəbini tapıb, müalicə edirlər”.
Nigar İxtiyarqızı









