Tribuna.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ölkə vətəndaşlarını seçkidə iştirak etməyə və Ukraynada davam edən müharibəyə dəstək nümayiş etdirməyə çağırıb.
Putin bildirib ki, seçicilərin səsi Rusiyanın Dövlət Dumasında və regionlarda xalqın maraqlarını hansı siyasi qüvvələrin təmsil edəcəyini müəyyənləşdirəcək.
“Seçiminiz və iradəniz bir daha göstərəcək ki, bizim hərbçilərimizin arxasında milyonlarla insan dayanır, biz ümumi dəyərlər, tarixi yaddaş və vətən sevgisi ilə birləşmiş xalqıq”, – Putin deyib.
O, seçkidə “ən layiqli, səriştəli və əsl vətənpərvər” namizədlərin qalib gələcəyinə əmin olduğunu bildirib.
Qeyd edək ki, Rusiyada Dövlət Dumasına seçkilər 19-21 sentyabr tarixlərində keçiriləcək.
Bundan əvvəl, Rusiyanın Ali Məhkəməsi “Yabloko” partiyasının seçkidən kənarlaşdırılması barədə qərar qəbul edib. UNIAN-ın məlumatına görə, “Yabloko” seçki bülleteninə daxil edilmiş yeganə açıq şəkildə müharibə əleyhinə mövqeyə malik partiya olub.
Partiyanın seçkidən çıxarılması ilə bağlı iddianı Kremlin siyasətini dəstəkləyən “Rodina” partiyası qaldırıb. İddiada “Yabloko”nun seçki kampaniyasında müəllif hüquqlarının pozulması və xarici maliyyələşmə ilə bağlı ittihamlar irəli sürülüb. Rusiya hakimiyyəti həmçinin partiyanı ölkədə “ekstremist” elan edilmiş beynəlxalq LGBT hərəkatını dəstəkləməkdə ittiham edib.
İmran Kərimli









