DGK sədri Şahin Bağırovun da təsir edə bilmədiyi Elmir Ramazanov…

DGK sədri Şahin Bağırovun da təsir edə bilmədiyi Elmir Ramazanov…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət iş adamlarının çiynində dayanır. İş adamlarının dizini kəsmək dövlətin təməllərini sarsıtmaqdır.

Biznes axar çaydır, qarşısını kəssən, başqa ölkəyə axacaq. Ölkənin biznes hovuzunu qurudan, iqtisadiyyatı daraldan kimlərdir, hansı dövlət qurumlarıdır, onlar kimlərə xidmət edir?

Ölkənin xarici siyasətinə baxırsan — nə gözəl: Türk Dövlətləri Təşkilatının qurucu dövlətlərindən biri, İslam Əməkdaşlığı Təşkilatının fəal üzvü, TAP, TANAP, Bakı-Tbilisi-Ceyhan, Orta Dəhliz, dünyanın müzakirə etdiyi Zəngəzur dəhlizi, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın iddialı rolu, OPEK-dən sonra ən böyük enerji resursları olan Xəzər hövzəsinin siyasi kartlarını əlinə toplayan Azərbaycan…

Başını döndərib ölkə içinə baxırsan — tamam başqa mənzərə, ürəyin sıxılır: iqtisadi artım sıfır, büdcə yerində sayır, adambaşına düşən ÜDM-ə görə qonşulardan geri qalırıq, biznes indeksləri bərbad, idxaldan asılılıq artır, istehsal imkanlarında azalma və sair… Qaranlıqda işıq axtarırsan, tapana eşq olsun!

Azərbaycan müstəqil olandan sonra dövlət içində dövlət olmağa çalışan Dövlət Gömrük Komitəsinin fəaliyyəti hər bir sahibkarın həyatında qara bir səhifə kimi keçməkdədir. Yığdıqları pulun hamısının rüşvət olmadığını, içində gömrük rüsumunun da olduğunu deyərək özünü haqlı çıxarmağa çalışan DGK-nın o vaxtkı sədri Tahir Əliyevin cızdığı “yol xəritəsi” necə cəlbedici olubsa, bu günə qədər qurum rəhbərliyi tərəfindən yazılmamış qanun kimi qəbul edilir. İqtisadiyyatın tormozlanmasında, sahibkarlığın inkişafına mane olmaqda iki təşkilatın adı çəkilsə, yəqin ki, birinci yerdə DGK gələr. Ölkənin giriş və çıxışına nəzarət edən komitə vaxtı ilə öz səlahiyyətlərindən sui-istifadə edərək monopolist iqtisadi sistem yaratdı və iqtisadi inkişafın təməllərini sarsıtdı. İllərlə iqtisadi məkanda hansı sahibkarın var olub, hansının məhv olmasının hökmü DGK rəhbərliyinin şəxsi qərarına bağlı olub. Yalnız bütün ölkə sahibkarlarının yox, ali dövlət qurumu olan DGK-nın mənafeyi də rəsmi vəzifəsi nədən ibarət olduğu bilinməyən “broker Əbülfəz” Məlikovun maraqlarına qurban edilmişdi. “Ölkə iqtisadiyyatı niyə bu qədər idxaldan asılı vəziyyətdədir?”, “Niyə dayanıqlı istehsalat sahələri yarada bilmədik?” suallarının cavabını məhz DGK-nın qaranlıq keçmişində axtarmaq lazımdır.

Ona görə də Azərbaycan iqtisadiyyatında Dövlət Gömrük Komitəsinin fəaliyyətinə, oynadığı rola və vəzifəsinə aydınlıq gətirilməlidir.

Aparıcı ölkələrin gömrük fəlsəfəsi büdcəyə nə qədər çox pul yığmaqla deyil, ticarət dövriyyəsini neçə dəfə sürətləndirməklə ölçülür. Gömrük postu sərhəddə tormoz yox, iqtisadiyyatın inkişaf sürətləndiricisi olmalıdır. DGK-nın yanlış idarəçilik fəlsəfəsi ucbatından yüklərin ləngiməsi sahibkarın xərcini artırır, bu da son nəticədə istehlakçının cibinə vurur.

Gömrüklə sahibkar arasındakı münasibət “dövlət-biznes tərəfdaşlığı” modeli üzərində qurulmalıdır. Mal və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi sürətlənməli, avtomatlaşdırmanı artırmaqla yoxlamaların azaldılmasına nail olmaq lazımdır.

Bəyannamə qiymətlərinin müəyyənləşdirilməsində “statistik gömrük dəyəri” deyilən anormal, subyektiv yanaşma aradan qaldırılmalı və “Gömrük Dəyəri” prinsiplərinə tam riayət edilməlidir. Bazar iqtisadiyyatı anlayışında “eyni mal — eyni qiymət” anlayışı yoxdur. Sahibkarın əlində alqı-satqı müqaviləsi, bank köçürmə sənədi, invoice olduğu halda, DGK “statistik gömrük dəyəri” tətbiq etməklə sahibkarın cibinə girir, qiymətlərin bahalaşmasına, sahibkar və vergi orqanları arasında uyğunsuzluğa səbəb olur.

İnanılmış xarici tərəfdaşlar üçün “Yaşıl dəhliz” (yoxlanışsız keçid sistemi) genişlənmək əvəzinə, niyə hər gün bir az da daraldılır və çətinləşdirilir.

Gömrük Komitəsinin fəaliyyətində “Dəli Domrul” yolkəsənliyi — sahibkara təzyiq siyasətindən ticarəti stimullaşdıran rəqəmsal xidmət modelinə tam keçid yerli istehsalın, biznes mühitinin və tranzit potensialının inkişafında həlledici rol oynaya bilərdi. DGK-nın bu yolkəsən siyasətinin nəticəsidir ki, bütün dünya Azərbaycanın logistika imkanlarını müzakirə etdiyi bir vaxtda bizim sahibkarlar ölkənin tranzit imkanlarından minimum seviyyədə yararlana bilmirlər.

Bir vaxtlar bu prosesin normal gedişini əngəlləmək üçün qarşıya atılan “qara kütük” “broker Əbülfəz” idisə, bu gün Bakı Şəhər Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanovdur. DGK sədri Şahin Bağırovun da təsir edə bilmədiyi E. Ramazanova inanmıram ki, bizim yazdıqlarımızın hər hansı təsiri olsun.

Amma xatırlatma üçün deyim ki, hökumətimiz xarici blogerləri ölkəmizə dəvət edir, ölkənin turizm imkanları, iqtisadi inkişafı, sabitliyi ilə bağlı rəy yaratmağa çalışır, xərc çəkir. Yəqin sosial şəbəkələrdə qarşılaşmısınız: əcnəbi tır sürücülərinin Azərbaycanın ayrı-ayrı qurumları, məmurlarının rüşvətxorluğu və özbaşınalığı haqqında söylədikləri mənfi fikirlər heç də o blogerlərdən az rəy formalaşdırmır.

Hörmətli Elmir müəllim, sahibkarların xaricdən gələn yüklərini əsassız yerə gömrük terminalında saxlayanda nəyə əsaslanırsınız? Girov vəziyyətinə düşən əcnəbi tır sürücüsündə ölkəmiz haqqında hansı fikir formalaşır? Yükə hər hansı şübhəniz varsa, sahibkarın anbarına boşaltdıra, gömrük araşdırması başa çatana kimi istifadəsinə qadağa qoya bilərdiniz. Niyə etmirsiniz? Yəqin bilməmiş deyilsiniz ki, sizin özfəaliyyətinizə görə sahibkarlar Avropadan gələn maşınlar üçün hər günə görə 220–250 avro gecikmə, gündəlik dayanacaq pulu və min manatdan yuxarı terminalda boşalt-yüklə, yoxlama xərclərini ödəmək məcburiyyətində qalırlar. Keçirdikləri əsəb, stres, vaxt itkisi də sizin qara gözlərinizə qurban olsun. Bu məzlum sahibkarların ömrünü-gününü kimlər yeməyib ki…

Dövlət və vətəndaş ayrı-ayrı anlayışlar deyil. Şeyx Ədəbalı deyirdi: “İnsanı yaşat ki, dövlət yaşasın”. Cəlaləddin Rumi də deyirdi: “Qanunu tac edib başa qoymaq da olar, qandal edib ələ salmaq da”. Qanun sahibkarı, vətəndaşı qorumaq üçündür, məmurun əlində zopa olmamalıdır. Qanun hər hansı məmurun öz qanunsuzluğunu və ya eqosunu reallaşdırmaq üçün istifadə etdiyi qalxan deyil. Qanun ağıllı insanlar üçün məşğuliyyət, axmaqlar üçün məcburiyyətdir. Qanunu məcburiyyət kimi tətbiq etməkdən çəkinmək lazımdır.

Cənab Prezidentin məmurları vəzifəyə təyin edəndə ilk tövsiyyəsi “Gedin vətəndaşa xidmət edin” sözüdür. Cünki vətəndaşın mənafeyinə xidmət dövlətə xidmətdir.

Gömrükdə oğurluq və yayınma halları varmı, ya olubmu? Əlbəttə! Dövlət büdcəsinə bərabər!

Oğrunu axtarıb tapmaq isə çox sadədir: 30 il bizneslə məşğul olanların da imkanlarını, kreditlərini, borclarını araşdırın, bir də dönüb DGK-nın rəhbər şəxslərinin mal-varlığını yoxlayın.

 

Şahin NƏCƏFOV