Yevlaxda yolları hər il bu şirkət təmir edir – Nə qədər pul xərclənib?

Yevlaxda yolları hər il bu şirkət təmir edir – Nə qədər pul xərclənib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yevlax Şəhər İcra Hakimiyyəti Yevlax şəhərində yolların əsaslı təmir işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.

Tribuna.az xəbər verir ki, tenderin qalibi bu dəfə də “Təmir-İnşaat” şirkəti seçilib. Təmir işlərinə görə şirkətə 545 678,46 manat ödəniləcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Təmir-İnşaat” MMC 15 dekbar 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Yevlax şəhəri, İ. Dəmirov küçəsi, ev 84-də yerləşir. MMC-nin qanuni təmsilçisi Hacıyev Elnur İsa oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir.

Dövlət satınalmaları üzərindən apardığımız araşdırmaya əsasən, “Təmir-İnşaat” MMC Yevlax Şəhər İcra Hakimiyyətinin yol təmiri ilə bağlı 2024-cü ildən bu yana keçirdiyi bütün tenderlərin qalibi seçilib.

Yeri gəlmişkən, 2024-cü ildə Yevlax şəhərində yolların əsaslı təmirinə 540 811,03 manat, 2025-cü ildə isə 648 736,45 manat xərclənib. Beləliklə, aydın olur ki, Yevlaxda hər il yolların əsaslı təmirinə ehtiyac yaranır. Təmir işlərini isə adına heç yerdə rast gəlinməyən, maddi-texniki bazasının hansı səviyyədə olduğu bəlli olmayan “Təmir-İnşaat” MMC həyata keçirir. Bəlkə də elə bu səbəbdən Yevlaxda hər il yolların əsaslı təmiri zərurətə çevrilir.

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyevdir. O, 2019-cu ildən rayona rəhbərlik edir. Anar Tağıyev bundan əvvəl Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.

Qaynarinfo