Rusiyanın iri Telegram media resursları Qabrielyanov ailəsi barədə yeni araşdırma yayıblar. Araşdırmaya görə, illərdir atasının media biznesində çalışan Aşot Qabrielyanov İsrail vətəndaşlığı alıb, Londonda yaşayır və Qərb ölkələrində texnologiya biznesi qurur.
Tribuna.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “MO”nun “Explainer” layihəsi araşdırma yayımlayıb.
Aşot Qabrielyanov “Mash”, “Shot” və “Baza” kimi ümumilikdə milyonlarla izləyicisi olan media resurslarının sahibi Aram Qabrelyanovun oğludur. O, uzun illər atasının media holdinqində rəhbər vəzifələrdə çalışıb, o cümlədən “LifeNews”un direktoru olub.
Araşdırma müəllifləri ata və oğulun vaxtilə müxalifət və Qərbə qarşı eyni media xəttində fəaliyyət göstərdiklərini bildirirlər. Aram Qabrielyanov bu mövqeyini davam etdirib və sanksiyalara məruz qalıb. Oğlunun sonrakı həyatının isə əsasən Qərb ölkələri ilə bağlı olduğu üzə çıxıb.
“MO”nun məlumatına görə, Aşot Qabrelyanov İsrail vətəndaşlığı əldə edib. 2026-cı ilin fevralında isə Fransa ona beynəlxalq səviyyədə tanınmış peşəkarlar üçün nəzərdə tutulan “istedad vizası” verib.
Qabrelyanov hazırda Londonda da texnologiya mütəxəssisləri üçün nəzərdə tutulan viza əsasında yaşayır. O, 2023-cü ilin noyabrında Britaniyada Startup Wizards şirkətini təsis edib. Şirkətin yaratdığı “MoonQ” tətbiqi süni intellektdən istifadə etməklə astroloji natal xəritə və istifadəçinin ehtimal olunan gələcək tərəf müqabilinin portretini hazırlayır. Xidmətin həftəlik abunə haqqının 10 avro olduğu bildirilir.
Aşot Qabrielyanovun ABŞ ilə də uzunmüddətli əlaqələri olub. O, 2015-ci ildə Nyu-Yorka köçərək texnoloji startaplarla məşğul olub. Lakin araşdırmaya görə, 2026-cı ilin martında onun ABŞ vizası rədd edilib və Qabrelyanov bununla bağlı ABŞ hakimiyyətinə qarşı məhkəmə prosesinə başlayıb.
Araşdırmanın digər diqqətçəkən detalı 2022-ci ilin payızına aiddir. “MO” sərhəd xidmətinə aid olduğu bildirilən məlumat sızmasına əsasən yazır ki, Aşot Qabrielyanov 24 sentyabr 2022-ci ildə – Rusiyada “qismən səfərbərlik” elan edildikdən sonra Türkiyəyə gedib. Mənbə onun səfərinin məqsədinin məhz səfərbərlikdən yayınmaq olduğunu sübut edən ayrıca məlumat təqdim etmir.
Bununla yanaşı, onun Rusiya ilə maliyyə əlaqələrinin tam kəsilmədiyi bildirilir. Araşdırmaya görə, 2025-ci ildə Aşot Qabrelyanovun “Alfa-Bank”dakı hesabında təxminən 4,33 milyon rubl olub.
Atası Aram Qabrielyanovun isə 2025-ci ilin martında “Alfa-Bank” və “Sberbank”dakı əmanətlərinin ümumi məbləğinin təxminən 79,3 milyon rubl olduğu iddia edilir. Araşdırmada onun Moskvada 123 kvadratmetrlik mənzilə və təxminən 34 milyon rubl dəyərində “Bentley Bentayga Speed” avtomobilinə sahib olduğu da bildirilir.
Azərbaycan oxucusu üçün Aram Qabrielyanovun adı başqa bir məqamla da yaxşı tanışdır. 44 günlük Vətən müharibəsi zamanı Qabrelyanovun əlaqəli olduğu “WarGonzo” layihəsi və onun müəllifi Semyon Peqov Qarabağdan Ermənistan mövqeyini müdafiə edən, Azərbaycana qarşı yönəlmiş çoxsaylı materiallar yayıb. Peqov özü də sonradan Qabrielyanovun “WarGonzo” layihəsinin yaradılmasının başlanğıcında dayandığını, onun peşəkar mentoru və dostu olduğunu bildirib.
Musavat.com









