“Son günlər istər sərhəddə, istərsə Qarabağda ermənilərin hərbi təxribatlarının intensivləşməsi müharibəyə hazırlıqdan yox, sülh prosesini pozmaqdan xəbər verir. Ermənistan ordusunun yenidən müharibə etmək immuniteti yoxdur, genişmiqyaslı hərbi əməliyyatları istisna edirəm. Amma atəşkəsin pozulması regionda nəqliyyat kommunikasiyalarının açılmasını ləngitməyə, sülh danışıqlarını uzatmağa hesablanıb. Bu hadisələrdə üçüncü tərəfin iştirakını da mümkün sayıram”.
Bu fikirləri millət vəkili Məşhur Məmmədov Tribuna.az-a iyunun 6-da yenidən mövqelərimizin atəşə tutulması haqda danışarkən söyləyib. Deputat hesab edir ki, Ermənistan Azərbaycanı sülh sazişi bağlamağa getdikcə yaxınlaşır, amma bundan yayınmaq və vaxt qazanmaq üçün həm sərhəddə, həm separatçılar olduğu yerlərdə təxribatlar baş verir: “Ermənistan rəhbərliyi sülh imzalamağa hazır deyil. İqtidar daxildən qorxur. Paşinyan hesablayır ki, sənədə indi qol çəksə və orada Ermənistan xalqının gözündə təslimçilik kimi görünən bəndlər olarsa, onun devrilməsi reallaşa bilər. Amma hökumət anlayır ki, çarə yoxdur, sülh olmasa, savaş olacaq. Yəni bundan çox qaçmaq olmayacaq. Sadəcə, bundan çəkinmək üçün davamlı hərbi təxribatlara əl atır”. M.Məmmədovum sözlərinə görə, bu mimvalla Ermənistan vaxt udmağa çalışır, bizim isə onların təxribatlarına əbədi dözmək öhdəliyimiz yoxdur: “Paşinyan bilməlidir ki, sülhdən qaçış döyüş meydanına aparır. Ermənistan müharibə istəyirsə, buyursun, biz daha böyük dərs verməyə hazırıq. Ancaq düşünürəm ki, tərəflər danışıqlarda böyük yol qət edib və İrəvan erməni cəmiyyətini addım-addım sülhə hazırlayır”.









