Çinin müdafiə naziri Li Şanqfu ABŞ və müttəfiqlərini Hind-Sakit okean regionunda sabitliyi pozmaq üçün addımlar atmaqda ittiham edib.
Tribuna.az İndependent-ə istinadən xəbər verir ki, Linin Şanqri-La Dialoq sammitində çıxışı iki ABŞ və Çin hərbi gəmisinin toqquşacaq qədər yaxınlaşması hadisəsindən saatlar sonraya təsadüf edib.
Vaşinqtonun öz maraqları üçün genişmiqyaslı qarşıdurmanı təhrik etdiyini deyən Li, ABŞ və Çin arasında mümkün münaqişənin “dünya üçün dözülməz bir fəlakət” olacağını bildirib.
Linin çıxışından bir neçə saat sonra ABŞ-ın Hind-Sakit Okean Komandanlığı Çin döyüş gəmisinin Tayvan boğazında təlimdə iştirak edən ABŞ hərbi gəmisi USS Chung-Hoon-un qarşısını aldığını açıqlayıb.
Açıqlamada Çin gəmisinin USS Chung-Hoon-a 150 metr yaxınlaşaraq gəmini sürəti azaltmağa məcbur etdiyi bildirilib.
ABŞ donanmasının bölgədə olmasının Vaşinqtonun xaos yaratmaq səylərinə bir nümunə olduğunu ifadə edən Li, “Onlar təxribat üçün buradadırlar” deyib.









