İqtisadçı, Real Partiyasının sədri Natiq Cəfərli 2027-ci ildən pensiyaların indeksləşdirilməsi qaydasında ediləcək dəyişiklikləri şərh edib.
Tribuna.az xəbər verir ki, iqtisadçı sosial şəbəkə hesabında yeni qaydaların “diferensial yanaşma” adlandırıldığını bildirib. Onun sözlərinə görə, 2027-ci ildən pensiyaların indeksləşdirilməsi zamanı 0,2 və 0,5 əmsallarının tətbiqi nəzərdə tutulur.
Natiq Cəfərli qeyd edib ki, dəyişiklik ölkə üzrə orta aylıq əməkhaqqından yüksək pensiya alan şəxslərə şamil ediləcək. O, hazırda orta aylıq əməkhaqqının təxminən 1170 manat olduğunu bildirib.
İqtisadçı yeni qaydanı nümunə ilə izah edib. Onun sözlərinə görə, əgər rəsmi indeksləşmə 10 faiz müəyyənləşdirilsə, 1000 manat pensiya alan şəxsin pensiyası 1100 manata yüksələcək. 2000 manat pensiya alan şəxsin isə ilk 1170 manatlıq hissəsi 10 faiz, qalan 830 manatlıq hissəsi 0,5 əmsalı ilə, yəni 5 faiz artırılacaq.
Cəfərli hökumətin ölkədə pensiyaçıların 90 faizinin 1170 manatdan aşağı pensiya aldığını əsas gətirdiyini və bu şəxslərin pensiyalarının orta aylıq əməkhaqqının artım tempinə uyğun indeksləşdiriləcəyini qeyd edib.
İqtisadçı pensiyaçıların bölgüsünə də diqqət çəkib. Onun sözlərinə görə, pensiyaçıların 64,8 faizi, yəni təxminən 712 800 nəfəri yaşa görə, 22,8 faizi (təxminən 250 800 nəfər) əlilliyə görə, 12,4 faizi (təxminən 136 400 nəfər) isə ailə başçısını itirməyə görə pensiya alır.
Natiq Cəfərli ölkə üzrə orta pensiyanın 594 manat olduğunu, faktiki median pensiya məbləğinin isə təxminən 420–460 manat aralığında olduğunu bildirib.
“Bir sözlə, bizdə süni şəkildə daim təqaüd yaşı məsələsi önə çəkilir, bu ikinci dərəcəli məsələdir, əsas dərd, əsas problem təqaüdlərin çox aşağı olmasıdır, ilk növbədə bu məsələ həllini tapmalıdır”, – deyə iqtisadçı vurğulayıb.
O əlavə edib ki, ailə daxilində yardımlaşma mədəniyyəti olmasaydı, pensiyaçılar aldıqları vəsaitlə heç iki həftə dolana bilməzdilər.
Nigar İxtiyarqızı










