“Unibank”ın Kəpəz filialında mikromaliyyələşdirmə üzrə baş mütəxəssis işləmiş Q.İ. ilə bağlı məhkəmə qərarı verilib. O, müştərilərin xəbəri və razılığı olmadan onların adına kreditlər rəsmiləşdirməkdə, pul vəsaitlərini ələ keçirməkdə, eləcə də rəsmi sənədlərə və bankın informasiya sisteminə bilə-bilə yalan məlumatlar daxil etməkdə ittiham olunub.
Tribuna.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Gəncə Şəhər Məhkəməsinin qərarına əsasən, Q.İ. barəsində Cinayət Məcəlləsinin bir sıra maddələri ilə aparılan cinayət işi üzrə yalnız vəzifə saxtakarlığı ilə bağlı ittihama xitam verilib. Buna səbəb həmin əməl üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətinin başa çatmasıdır.Məhkəmə materiallarında əksini tapan ittihama görə, Q.İ. bankda işlədiyi müddətdə müştərilərin şəxsi məlumatlarından və vəzifə səlahiyyətlərindən istifadə edərək onların adına kreditlər rəsmiləşdirib. İddia olunur ki, o, bankın avtomatlaşdırılmış informasiya sistemində bəzi müştərilərin mobil telefon nömrələrini öz nömrəsi ilə əvəzləyib. Bununla da kredit əməliyyatları zamanı göndərilən SMS təsdiq kodları onun telefonuna daxil olub və müştərilərin xəbəri olmadan onların adına kreditlər rəsmiləşdirilib.
İttihama əsasən, kreditlər müştərilərin kartlarına köçürüldükdən sonra vəsaitlərin bir hissəsi bankomatlardan nağdlaşdırılaraq ələ keçirilib. İş materiallarında ayrı-ayrı müştərilərin adına 3 min, 6 min, 7 min və 15 min manat məbləğində kreditlərin rəsmiləşdirilməsi ilə bağlı epizodlar yer alıb.
Q.İ.-nin müştərilərə kredit götürməkdə kömək edəcəyini vəd edərək onlardan pul aldığı da bildirilir. Belə ki, o, bəzi şəxslərə kreditin 36 ay müddətinə rəsmiləşdiriləcəyini, lakin ilk ayların ödənişlərinin əvvəlcədən verilməli olduğunu deyib. İttihama görə, müştərilərdən alınan pulların hamısı kredit borcunun ödənilməsinə yönəldilməyib, müəyyən hissəsi mənimsənilib.
Məhkəmə sənədlərində konkret epizodlar da göstərilib. Bir halda müştərinin kredit borcunun bağlanması üçün verdiyi 6 min manatın 2 min 100 manatı borcun ödənilməsinə sərf edilib, qalan 3 min 900 manatın isə ələ keçirildiyi iddia olunur. Digər epizodda isə müştəridən alınan 10 min 500 manatın və nağdlaşdırma üçün nəzərdə tutulan 300 manatın mənimsənildiyi qeyd edilir.
Q.İ. ona qarşı irəli sürülən ittihamların bir hissəsini qəbul edib. O, ifadəsində 2017-ci ildən bankda işlədiyini, 2020-ci ildə Vətən müharibəsində iştirak etdiyini, xidmət zamanı yaxınlığında minanın partlamasından sonra psixoloji travma aldığını və müalicə olunduğunu bildirib. Məhkəmə-psixiatrik ekspertizasının rəyinə görə, onda travmadan sonrakı şəxsiyyət dəyişikliyi əlamətləri müəyyən edilsə də, şəxs cinayət əməllərini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olub.
Q.İ.-yə Cinayət Məcəlləsinin 177.2.2-ci (təkrar oğurluq), 177.2.3-1-ci (elektron məlumat daşıyıcılarından və ya informasiya texnologiyalarından istifadə etməklə oğurluq), 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq), 178.2.2-ci (təkrar dələduzluq), 178.2.3-cü (vəzifəli şəxsin qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 179.2.2-ci (təkrar mənimsəmə və ya israf etmə), 179.2.3-cü (vəzifəli şəxsin qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə), 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 296.1-ci (cinayət haqqında bilə-bilə yalan xəbərçilik etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə ittihamın mahiyyəti ondan ibarətdir ki, vəzifəli şəxs qulluq mövqeyindən istifadə edərək rəsmi sənədlərə və ya informasiya sistemlərinə bilə-bilə yalan məlumatlar daxil edir, yaxud sənədlərdə saxtalaşdırma aparır.
Məhkəmə müəyyən edib ki, Q.İ.-nin 313-cü maddədə nəzərdə tutulan əməlləri 2023-cü ildə törədilib. Həmin maddə üzrə cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan, qanunla müəyyən edilmiş ikiillik cinayət məsuliyyətinə cəlbetmə müddəti 2025-ci ildə başa çatıb. Məhkəmə istintaqdan və ya məhkəmədən yayınma səbəbindən müddətin dayanmasına dair əsas da müəyyən etməyib.
Bu səbəbdən məhkəmə Q.İ. barəsində Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə aparılan cinayət təqibinə müddətin keçməsi əsası ilə xitam verib. Qərarda bu ittiham üzrə əməlin baş vermədiyi deyil, cinayət məsuliyyətinə cəlbetmə müddətinin başa çatdığı əsas götürülüb.
Q.İ. barəsində daha əvvəl çıxarılmış hökmə əsasən, ona 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib, həmçinin iki il müddətinə rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum olunub. Həmin hökmlə zərərçəkmiş şəxslərdən birinin mülki iddiası da təmin edilərək 3 min 900 manat maddi ziyan, 59 manat dövlət rüsumu və 330 manat vəkil xərcinin tutulması qərara alınıb.









