Heydər Əliyev jurnalistlər üçün çox rahat adam idi. Heç vaxt jurnalistlərlə problem yaşamazdı, jurnalistin işləməsi üçün mümkün qədər şərait yaradırdı.
Tribuna.az xəbər verir ki, bu sözləri telejurnalist və publisist, professor Qulu Məhərrəmli bu gün 100 illik yubileyi qeyd edilən Ümummilli Lider Heydər Əliyev haqqında danışarkən deyib. O bildirib ki, H.Əliyev jurnalistlərə və onların verdiyi suallara həmişə həssas yanaşıb:
“Bir dəfə bir rəsmi görüş idi. Fransa prezidenti Jak Şirak və Heydər Əliyev görüşürdülər. Görüş məqamında əl sıxma, ünsiyyət məqamını kameraya çəkmək alınmadı, görünmədi. AzTV-nin baş operatoru Fazil Hadıyev mənə bildirdi ki, əsas görüntünü çəkə bilmədik. Bu elə bir məqam idi ki, sonra bir də ələ düşməyəcəkdi. İki prezidenti bir də necə görüşdürək?
Mən dərhal risk edib Heydər Əliyevə dedim ki, cənab Prezident, biz görüşmə anınızı çəkə bilmədik. Bu sözü bir qədər ucadan ddim ki, prezident eşidə bilsin.
Heydər Əliyev mənim sözümü dərhal başa düşdü, çox nəzakətli bir şəkildə xanımı çəkdi kənara və bir də Jak Şirakla əl verib görüşdü ki, biz görüntü ala bilək.
Bu adi bir nüansdır. Ancaq mənimçün çox maraqlı epizoddur.
Heydər Əliyev jurnalistlərə və onların verdiyi suallara çox həssas yanaşırdı. Xoşbəxtlikdən mənim suallarıma heç vaxt irad tutmayıb. Əksinə sual verəndə həmişə hiss etmişəm ki, razı qalıb. O jurnalistləri daim ürəkləndirirdi”.









