Prezident Co Bayden bəyan edib ki, Birləşmiş Ştatlar Ukraynaya lazım olduğu müddətcə yardımı maliyyələşdirməyə davam edəcək.
Tribuna.az xəbər verir ki, bunu ABŞ prezidenti Böyük Britaniyanın baş naziri Rişi Sunakla Ağ Evdə keçirilən birgə mətbuat konfransında deyib.
“Bu gün biz Rusiyanın və Vladimir Putinin qəddar təcavüzündən müdafiə edən Ukrayna xalqına dəstəyimizi müzakirə etdik. Böyük Britaniya və ABŞ, 50-dən çox tərəfdaşı ilə birlikdə, onlara yardım göstərməyi öhdəsinə götürüblər. Baş nazirə güclü rəhbərliyinə görə təşəkkür etmək istəyirəm”, – Bayden deyib.
Prezident vurğulayıb ki, Böyük Britaniya Sunakın rəhbərliyi altında təhlükəsizlik sektorunda Kiyevə əhəmiyyətli yardım göstərir və bizim kollektiv şəkildə təmin etdiyimiz texnika və sursatlardan səmərəli istifadə edə bilmələri üçün Ukrayna qoşunlarına təlim keçir.
Bayden qeyd edib ki, Vladimir Zelenski hökuməti və Amerika müttəfiqləri və tərəfdaşları ilə danışıqlarda əsas mövzu müharibədən sonra gələcək təcavüzün qarşısını almaq üçün uzunmüddətli təhlükəsizlikdir.
Rişi Sunak isə bildirib ki, “Böyük Britaniya Ukraynanın Rusiya təcavüzünə qarşı mübarizəsinə verdiyi töhfə ilə fəxr edir və eyni zamanda tanklar, uzaq mənzilli silahlar və hərbçilərə təlim keçir.
Sunak digər NATO ölkələrini ABŞ və Böyük Britaniyadan nümunə götürməyə çağırıb, “çünki bizim təhlükəsizliyimiz kollektivdir”, – deyib.









