Bakıda 6909 cinayət qeydə alınıb: Açıqlanma faizi 93,2-yə çatıb

Bakıda 6909 cinayət qeydə alınıb: Açıqlanma faizi 93,2-yə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2026-cı ilin birinci yarımilində Bakı şəhəri üzrə 6909 cinayət hadisəsi qeydə alınıb və onların 93,2 faizinin açılması təmin edilib.”

Tribuna.az xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunda keçirilən 2026-cı ilin birinci yarımilinin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsində məlumat verilib.

İyulun 16-da keçirilən müşavirədə cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri qoyub, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Müşavirədə çıxış edən Bakı şəhər prokuroru Elşən Abbasov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən islahatların, eləcə də Birinci vitse-prezident Mehriban Əliyevanın yaxından iştirak etdiyi sosial, iqtisadi və humanitar layihələrin Azərbaycanın davamlı inkişafına mühüm töhfə verdiyini bildirib.

Qeyd olunub ki, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar paytaxt prokurorluq orqanları tərəfindən ictimaiyyətlə əlaqələrin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Xətai və Yasamal rayon prokurorluqlarında media nümayəndələri və qeyri-hökumət təşkilatlarının iştirakı ilə “Açıq qapı” günləri təşkil olunub.

Müşavirədə bildirilib ki, 2026-cı ilin ilk altı ayında Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə ümumilikdə 6909 cinayət hadisəsi qeydə alınıb. Onların 93,2 faizinin açılması təmin olunub.

Diqqətə çatdırılıb ki, paytaxtda törədilmiş qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin hamısı hüquq-mühafizə orqanlarının birgə fəaliyyəti nəticəsində açılıb.

Hesabat dövründə Bakı şəhər prokurorluğu tərəfindən 120 cinayət işinin ibtidai istintaqı tamamlanıb, onlardan 70-i baxılması üçün məhkəmələrə göndərilib. Daxili işlər orqanlarının istintaq qurumları isə 3148 cinayət işinin istintaqını yekunlaşdıraraq 2338 işi məhkəməyə göndəriblər.

Məlumata görə, prokurorluq tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş 8 milyon 777 min 740 manat maddi ziyanın 6 milyon 432 min 712 manatı, yəni 73,2 faizi ödənilib.

Müşavirədə axtarışda olan və xəbərsiz itkin düşmüş şəxslərin tapılması istiqamətində tədbirlərin daha da intensivləşdirilməsi, vətəndaş müraciətlərinə operativ baxılması və xüsusilə şəhid ailələri, itkin düşmüş şəxslərin yaxınları, eləcə də sağlamlığını itirmiş şəxslərin müraciətlərinə xüsusi həssaslıqla yanaşılması barədə tapşırıqlar verilib.

Qeyd olunub ki, hesabat dövründə Bakı şəhər prokurorluğuna 10 573 müraciət daxil olub, 1299 vətəndaş qəbul edilib. Onlardan 173 nəfər birbaşa Bakı şəhər prokuroru tərəfindən qəbul olunub.

Müşavirədə “Elektron Prokurorluq” informasiya sisteminin tətbiqinin işin səmərəliliyinə müsbət təsiri də vurğulanıb. Bildirilib ki, bütün prokurorluq əməkdaşlarının prosessual sənədlərin elektron qaydada hazırlanması və elektron sənəd dövriyyəsi sistemində işləməyə tam hazır olması vacibdir.

Eyni zamanda, cari ilin birinci yarısında artım müşahidə olunan cinayətlərin profilaktikasının gücləndirilməsi, əvvəlki illərdən açılmamış qəsdən adam öldürmə cinayətlərinin istintaqının davam etdirilməsi və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı aidiyyəti qurumlara konkret tapşırıqlar verilib.

Müşavirədə həmçinin bildirilib ki, hesabat dövründə xidməti və əmək intizamına ciddi nəzarət nəticəsində Bakı şəhər prokurorluq orqanlarının bir əməkdaşı intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edilib.

Tədbirin sonunda Bakı şəhər prokurorunun müavinləri və rayon prokurorları hesabat məruzələri ilə çıxış edərək görülən işlər barədə məlumat veriblər. Yekun nitqində Elşən Abbasov cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ölkədə ictimai-siyasi sabitliyin qorunması istiqamətində fəaliyyətin davam etdiriləcəyini bildirib.