Sumqayıt şəhərində 7 yaşlı uşağın məşq zamanı boynunun qırılaraq ölüməsi müzakirələrə səbəb olub. Faciə həmçinin uşaqların kiçik yaşlarda ağır idman növlərinə qoyulması problemini də aktuallaşdırıb.
Tribuna.az xəbər verir ki, şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınan bədbəxt hadisə zamanı 7 yaşlı FM. idmanla məşğul olduğu zallardan birində məşq zamanı boynu qırılaraq ölüb.
Bu, Azərbaycanda bəlkə də ilk belə hadisədir ki, azyaşlı məşq zamanı aldığı zədədən dünyasını dəyişir. Peşəkar məşqçilər isə bu cür halların idman zallarında tez-tez baş verdiyini bildirirlər. Lakin uşaqlar arasında bu cür faciə çox nadir hadisədir. Məşqçilər qeyd edir ki, azyaşlılar ağır idman növlərinə yazılmazdan əvvəl onların bədəni yoxlanılmalı, bədən elastikliyi, sümük kövrəkliyi öyrənilməlidir. Əks halda, uşağın cəlb edildiyi və ya özünün seçdiyi idman onun ən yaxşı halda zədə almasına, pis halda isə ölümünə səbəb ola bilər.
Mövzu ilə bağlı Tribuna.az-a açıqlama verən pediatr Vaqif Qarayev bildirib ki, azyaşlılar üçün belə idman növləri təhlükəlidir. Həkim qeyd edib ki, idman uşaqlar üçün sağlamlıq olsa da, düzgün idman növü seçilməyəndə, bu faciə ilə nəticələnir:
“Uşaq peşəkar idmançı olmayacaqsa, olmaq istəməyəcəksə onu idman zallarına göndərməyin. Sağlamlıq üçün üzgüçülük və gimnastika kifayətdir”.










