Cəlilabadda 15 yaşlı qızla evlənən şəxs həbs edilib.
Tribuna.az Lent.az-a istinadən xəbər verir ki, rayon sakini olan 21 yaşlı Vüqar Həmidov (adı və soyadı şərtidir) 14 yaşına çatmış, lakin 16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olduğu üçün məsuliyyətə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (14 yaşına çatmış, lakin 16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olma və ya seksual hərəkətlər etmə) maddəsi ilə cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, Mətanətlə (şərti adla) “Instagram” sosial şəbəkəsində tanış olub. Sonradan onlar arasında sevgi münasibətləri yaranıb və Bakıda görüşüblər. Onların ilk intim əlaqəsi Cəlilabad rayonunun kəndlərinin birində qeydə alınıb. Bu hadisədən sonra onlar evlənməyə qərar veriblər. Lakin qızın ailəsi yaşının az olmasına görə bu izdivaca razı olmayıb. Nəticədə Mətanət Vüqara qoşularaq qaçıb. Qızın anası onların yaşadığı evə gəlsə də, Mətanəti apara bilməyib. Sonradan ailələrin razılığı ilə Vüqargilin həyətində el adəti ilə toy təşkil olunub və cütlüyün qanunsuz evliliyi baş tutub. Hadisə ilə bağlı Vüqar Həmidov saxlanılıb.
Qızın anası ifadəsində Vüqara qarşı şikayət və tələbinin olmadığını bildirib. Həmçinin, Vüqarın anası da Mətanət 18 yaşına çatandan sonra rəsmi nikah bağlanacağını deyib. Məhkəmənin qərarı ilə V.Həmidov 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.









