1992-1995-ci illərdə Ermənistan ordusunun əsas qurucularından olan, bu ölkənin Müdafiə Nazirliyində bir sıra yüksək vəzifələr tutan Norat Ter-Qriqoryants yerli mediaya geniş açıqlama verib.
Tribuna.az xəbər verir ki, Ermənistan dövlətindən imtina edən və dünən pasportunu təhvil verən erməni general vaxtıyla Qarabağda Azərbaycana qarşı əməliyyatların təşkilində yaxından iştirak edib.
O deyib ki, Ermənistanın Rusiya 102-ci bazasını çıxarması İrəvan üçün ciddi problemlər yaradacaq. “Bu baş verərsə, Ermənistanın məhv edilməsi planı işə düşəcək. Bu da Azərbaycan silahlı qüvvələrinin Türkiyənin dəstəyi ilə oraya nüfuz etməsinə imkan verəcək”.
Ter-Qriqoryants iddia edib ki, Azərbaycan yüz ildir Qarabağı, sonra Zəngəzuru ələ keçirməyi, Naxçıvanı birləşdirməyi və İrəvana doğru hərəkət etməyi planlaşdırır.
Onun sözlərinə görə, Azərbaycan yenidən öz planını davam etdirir. “Çünki onlar Ermənistanda hakimiyyətə öz adamlarını təyin ediblər. Onlar artıq Qarabağı ələ keçiriblər, 200 kvadrat kilometr Ermənistan ərazisini ələ keçiriblər. Sabah Zəngəzuru ələ keçirib, Naxçıvana qoşulacaqlar, sonra isə İrəvana doğru hərəkət edəcəklər”.
Fərda Uğur









