Hyundai avtomobillərinin Azərbaycanda rəsmi distribyutoru “Auto Azərbaycan” şirkəti cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, şirkətin cərimələnməsinə səbəb Koreya Respublikasından gətirilən 2 ədəd “Hyundai County” markalı avtobusun nəqliyyat vasitəsinə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsini vaxtında verməməsidir.
Belə ki, şirkət “Hyundai County” markalı avtobusları Azərbaycan Respublikasının gömrük ərazsinə gətirməzdən əvvəl Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda 25 mart 2023-cü il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımqara” gömrük postundan keçirməklə gömrük ərazisinə gətirilmiş həmin nəqliyyat vasitəsinə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi vaxtında verilməyib.
Dövlət Gömrük Komitəsi tərəfindən sözügedən pozuntuya görə “Auto Azərbaycan” şirkəti barəsində cərimələnməsi üçün protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Şirkət rəhbərliyi məhkəmə iclasına səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib, bunun səbəbləri barədə məhkəməyə məlumat verməyib.
“Auto Azərbaycan” şirkəti İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək və barəsində 1.500 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilib.
Qeyd edək ki, “Auto Azərbaycan” MMC-nin Müşahidə Şurasının sədri Emil İsmayılovdur.









