Tribuna.az xəbər verir ki, Almaniya kansleri Fridrix Merts Rusiyanın Avropanın təhlükəsizliyi üçün artan təhdid yaratdığını bildirib.
Tribuna.az “Reuters” agentliyinin məlumatına görə, Merts bu barədə noyabrın 25-də Almaniya Bundestaqında 2027-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələr zamanı çıxış edib.
Kansler bildirib ki, Moskvanın məqsədləri yalnız Ukrayna ilə məhdudlaşmır və Rusiya Avropanın müxtəlif bölgələrində gərginliyi artırır.
“Rusiya nə istədiyini dəqiq bilir və onun istəkləri Ukraynadan daha genişdir”, – deyə Merts vurğulayıb.
Almaniya kanslerinin sözlərinə görə, Baltikyanı regionda, Polşada, Qara dənizdə və hətta kosmosda təhlükəsizliklə bağlı gərginlik artır. O, Rusiyanın Almaniyanın özündə də təhlükəsizlik problemləri yaratdığını iddia edib.
Merts çıxışında Almaniyanın müdafiə xərclərinin artırılmasının və Ukraynaya maliyyə-hərbi yardımın davam etdirilməsinin vacibliyini müdafiə edib.
Almaniyanın 2027-ci il büdcə planları çərçivəsində müdafiə xərclərinin 2030-cu ilədək 200 milyard avrodan çoxa çatdırılması nəzərdə tutulur. Bu, ölkənin ümumi daxili məhsulunun təxminən 3,7 faizinə bərabər olacaq.
Bununla yanaşı, Almaniyada Ukraynaya hərbi yardım məsələsi daxili siyasi mübahisələrə səbəb olur. Müxalifətdəki bəzi partiyalar Kiyevə hərbi dəstəyin dayandırılmasını tələb edirlər.
Qeyd edək ki, Rusiya NATO ilə qarşıdurma niyyətində olmadığını bildirir və Avropa ölkələrinin ona qarşı irəli sürdüyü təhdid və təxribat ittihamlarını rədd edir.
İmran Kərimli









