Suvarma kanallarının və arxların lildən, kol-kosdan və alaq otlarından təmizlənməsi kənd təsərrüfatının inkişafı və su ehtiyatlarından səmərəli istifadə baxımından mühüm əhəmiyyət daşıyır.
Tribuna.az xəbər verir ki, bu barədə Regional Su Meliorasiya QSC-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin məlumatında bildirilib.Qeyd olunub ki, kanallarda lilin toplanması, kol-kosun və su bitkilərinin artması suyun ötürülmə qabiliyyətini azaldır. Bu isə suvarma suyunun əkin sahələrinə vaxtında və lazımi həcmdə çatdırılmasına mane olur, nəticədə kənd təsərrüfatı istehsalının davamlılığına mənfi təsir göstərir.
Qurumun məlumatına görə, suvarma sistemlərinin təmizlənməsi qanunvericiliklə də nəzərdə tutulub. Belə ki, Nazirlər Kabinetinin 8 may 2008-ci il tarixli qərarı ilə təsdiqlənən qaydalarda meliorasiya və irriqasiya sistemlərinin vaxtaşırı lildən, alaq otlarından, kol-kosdan və digər su bitkilərindən təmizlənməsi istismar tədbiri kimi müəyyən edilib.
Bildirilib ki, su mühafizə zonaları və sahil mühafizə zolaqları ilə bağlı tələblər də nəzərə alınmalıdır. Su Məcəlləsinin 82-ci maddəsi bu ərazilərin qorunması və onlarda xüsusi mühafizə rejiminin tətbiqini nəzərdə tutur.
Eyni zamanda, Prezident İlham Əliyevin 21 may 2024-cü il tarixli fərmanı ilə suvarma və kollektor-drenaj şəbəkələrinin təmizlənməsi, təmiri, bərpası və yenidən qurulması zamanı məcrada, berma və dambada bitən yaşıllığın götürülməsi üçün ayrıca icazənin tələb olunmadığı müəyyənləşdirilib.
Nazirlər Kabinetinin 5 sentyabr 2024-cü il tarixli qərarı ilə də müvafiq qaydalara dəyişiklik edilib və həmin işlər zamanı yaşıllığın götürülməsi vərəqinin tələb olunmadığı təsbit olunub.
Regional Su Meliorasiya QSC hesab edir ki, mövcud suvarma infrastrukturunun işlək vəziyyətdə saxlanılması yeni sistemlərin qurulması qədər əhəmiyyətlidir. Bu tədbirlər fermerlərin su təminatının yaxşılaşdırılmasına, torpaqların məhsuldarlığının qorunmasına və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.
Qurum vurğulayıb ki, kanalların və arxların təmizlənməsi sadəcə texniki xidmət deyil, aqrar istehsalın davamlılığını təmin edən strateji fəaliyyətin tərkib hissəsidir.









