İspaniyada noyabrın 29-da keçiriləcək parlament seçkiləri ərəfəsində sosial şəbəkələrdə ölkənin siyasi və iqtisadi vəziyyəti ilə bağlı saxta məlumatlar yayan genişmiqyaslı dezinformasiya kampaniyası aşkarlanıb. Araşdırmaçılar əməliyyatın Rusiya mənşəli “Matryoshka” adlı bot şəbəkəsi ilə əlaqəli olduğunu bildirirlər.
Tribuna.az xəbər verir ki, bu barədə “Euronews” və İspaniyanın fakt yoxlama platforması “Maldita.es” məlumat yayıb.
Araşdırmaya görə, kampaniya çərçivəsində “El País”, “El Mundo”, “Reuters”, “AFP”, “Euronews” və “The Economist” kimi tanınmış media qurumlarının adından saxta videolar və paylaşımlar hazırlanıb. Məqsəd istifadəçilərdə bu məlumatların etibarlı xəbər mənbələrindən yayımlandığı təəssüratını yaratmaqdır.
Kampaniyanın əsas istiqamətlərindən biri İspaniyanın iqtisadi vəziyyətini ümidsiz göstərməkdir. Saxta paylaşımlarda ölkədəki mənzil böhranının iqtisadi çöküşə səbəb olduğu, seçkilərin heç nəyi dəyişməyəcəyi iddia edilir.
Digər paylaşımlarda isə Avropa İttifaqından çıxmaq, Rusiyaya qarşı sanksiyaları ləğv etmək və Ukraynaya maliyyə yardımını dayandırmaq iqtisadi problemlərin həlli kimi təqdim olunur. Kataloniyanın İspaniyadan ayrılması ilə bağlı separatçı çağırışlar da kampaniyanın əsas mövzuları arasındadır.
Məlumatlar əsasən X və Bluesky platformalarında bot hesabları vasitəsilə yayılıb. Araşdırma aparan Antibot4Navalny kollektivinin bildirdiyinə görə, saxta materialların bir hissəsi jurnalistlərə və fakt yoxlama təşkilatlarına göndərilərək onların iş yükünü artırmaq məqsədi də daşıyıb.
Qeyd edək ki, “Matryoshka” əməliyyatı ilk dəfə 2023-cü ildən etibarən müşahidə olunub. Şəbəkə daha əvvəl də Avropa ölkələrində Ukraynaya dəstək və Rusiyaya qarşı sanksiyalarla bağlı ictimai rəyi dəyişdirməyə yönəlmiş saxta məlumatlar yayıb.
Ekspertlər hesab edirlər ki, süni intellekt vasitəsilə hazırlanan saxta videolar və media qurumlarının adından yayılan məlumatlar seçki prosesində dezinformasiya riskini artırır.
İmran Kərimli









