Tramp İranın ali rəhbərliyini hədəfə almaq variantını nəzərdən keçirir

Tramp İranın ali rəhbərliyini hədəfə almaq variantını nəzərdən keçirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Trampın administrasiyasında İranın ali rəhbərliyindəki sərt xətt tərəfdarı olan şəxslərin aradan götürülməsi ehtimalı müzakirə olunur. Vaşinqtonda hesab edirlər ki, belə bir əməliyyat Tehranın mövqeyini zəiflədərək müharibənin başa çatdırılmasına şərait yarada bilər.

Tribuna.az  xəbər verir ki, bu barədə ABŞ-ın NBC News telekanalına istinadən Anadolu Agentliyi məlumat yayıb.

Məlumata görə, ABŞ administrasiyasının bəzi rəsmiləri İranın yüksək vəzifəli rəhbərlərinə qarşı hərbi zərbələrin endirilməsini dəstəkləyirlər. Onların fikrincə, sərt xətt tərəfdarı olan şəxslərin aradan götürülməsi ABŞ prezidentinə müharibəni Vaşinqtonun şərtləri əsasında başa çatdırmaq imkanı verə bilər.

Lakin administrasiya daxilində bu yanaşmaya qarşı çıxanlar da var. Onlar hesab edirlər ki, İran rəhbərliyinə qarşı yeni hücumlar Tehranın mövqeyini daha da sərtləşdirə, gələcək sülh danışıqlarına inamı zəiflədə və ABŞ rəsmilərinin təhlükəsizliyini risk altına sala bilər.

Məlumata əsasən, ABŞ hərbi rəhbərliyində də belə əməliyyatların mümkün nəticələri ilə bağlı narahatlıq mövcuddur. Xüsusilə İranın cavab zərbələri endirərək Amerika rəsmilərini və hərbi obyektlərini hədəfə ala biləcəyi ehtimalı müzakirə edilir.

Bildirilib ki, İran rəhbərliyinə qarşı mümkün əməliyyat ideyası yeni deyil. Lakin müharibənin başa çatdırılması yollarının axtarıldığı son həftələrdə bu məsələ yenidən aktuallaşıb.

ABŞ Prezidenti Donald Tramp hələlik yekun qərar verməyib. Onun qarşısında genişmiqyaslı hərbi əməliyyatların bərpası və İranın enerji infrastrukturu ilə nüvə obyektlərinə zərbələr endirilməsi də daxil olmaqla müxtəlif variantlar var.

Qeyd edək ki, İranın əvvəlki ali rəhbəri Əli Xamenei fevral ayında ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb. Onu oğlu Müctəba Xamenei əvəz edib.

İmran Kərimli