ETN-nin 30 illik təcrübəi bunu sübut edir
Qrant siyasəti universitetlərin inkişafının əsas sütunudur
Ölkənin postneft dövrünə hazırlığında, rəqəmsal və innovativ inkişafı mərhələsində elmin rolu daha da artır. Təəssüf ki, TN-nin ETN olması, AMEA-da struktur dəyişikliklər edilməsi, ETİ-nın universitetlərə birləşdirilməsi real olaraq heç bir nəticə vermədi, iqtisadiyyatda hər hansı inkişafa səbəb olmadı. Sadəcə indi AMEA alimlərinin yazdığı məqalələr univeritetlərin nailiyyəti kimi təqdim edilir və reytinqlərdə cüzi irəliləyiş hiss edilir. Lakin elmin dövlət və cəmiyyət qarşısındakı vəzifələrin icrasına bu statistik manipulyasiya heç nə vermir. Ölkədə təəssüf ki, bir dənə də olsun “Tədqiqat Universiteti” yoxdur.
Bu ərəfədə NK “Tədqiqat Universiteti” (TU) meyarlarına yenidən baxmış, yeni meyarlar təyin etmişdir. Bu meyarlarda ETN-nin dəsti xətti aydın görünür. Çünki, bu meyarlar inkişafa yox, tənəzzülə xidmət edir. Başqa meyarlar haqqında danışmaq istəmirəm, bu barədə geniş məqaləmiz olacaqdır, indi yalnız bu meyarlarda universitetlərin qrant alması məsələsinə toxunacağıq.
TU –nin əvvəlki meyarlarında qeyd edilirdi ki, TU olmaq üçün universitet 5 ildə 20 qrant almalıdır. Məlum strategiyaya görə (ölkənin 2022-2026-cı illərdə inkişaf strategiyası) 2026-cı ildə ölkədə 2 “Tədqiqat Universiteti” olmalı idi. Amma olmadı. Əvvəlki meyarlar (2017-ci il) çətin deyildi, əsas məsələ universitetlərin qrant ala bilməməsi idi. Amma 9 ildə heç bu meyara da layiq bir universitetiiz olmadı. Yeni meyarlarda ETN bu problem “həll edib”. Daha TU olmaq üçün qrant almağa ehtiyac yoxdur!
Dünyanın aparıcı universitetlərinin (Harvard, MIT, Stanford, Oxford, Cambridge, Tsinghua, NUS və s.) büdcələrinin böyük hissəsi qrantlar, tədqiqat müqavilələri və innovasiya layihələri hesabına formalaşır. Bu təsadüfi deyil. İnkişafyönlü qrant siyasəti universitetə elmi problemləri həll edən tədqiqatlar aparmağa, yeni laboratoriyalar yaratmağa, gənc alimləri elmə cəlb etməyə, müəllimlərin peşəkar inkişafını maliyyələşdirməyə, doktorantura və postdok proqramlarını gücləndirməyə, beynəlxalq əməkdaşlığı genişləndirməyə, sənaye ilə birgə innovativ məhsullar yaratmağa, patent və startapların sayını artırmağa. imkan verir.
Qrant xərc deyil, gələcəyə qoyulan investisiyadır.
Ən azından universitetlər öz problemlərini həll etmək üçün daxili qrant siyasəti yürütməlidir. Bu təcrübə bizdə yox həddindədir. Cəmi 2-3 universitet son illər daxili qrant verir. Bu müsabiqələrə ayrılan maliyyə isə çox azdır. Digər tərəfdən əgər qrant universitetin hər hansı probleminin həllinə xidmət edirsə, burada yalnız öz əməkdaşlarının iştirakı düz deyil. Bəlkə, kənar universitetin əməkdaşı daha yaxşı layihə və ya həll təklif edıcək, əsas məsələ problemi həll etmək olmalıdır. Universitet əməkdaşlarına daxili qrantlar ayırmırsa, onların yeni ideyalar təklif etmək, beynəlxalq layihələrə qoşulmaq və ciddi tədqiqat aparmaq imkanları da xeyli məhdudlaşır.
Universitet niyə öz əməkdaşlarına daxili qrant verməlidir?
İnkişaf etmiş ölkələrdə demək olar ki, bütün aparıcı universitetlərdə müxtəlif təyintlı daxili qrantlar verilir: Başlanğıc Qrantı, Daxili Tədqiqat Qrantı, Tədris İnnovasiyası Qrantı, Gənc Tədqiqatçı Qrantı v.s. Bu qrantların məqsədi yeni ideyaları sınaqdan keçirmək, beynəlxalq qrantlara hazırlaşmaq, universitetin strateji problemlərini həll etmək, təhsildə innovasiyaları təşviq etmək, müəllimləri təşəbbüskar fəaliyyətə həvəsləndirməkdir. Başqa sözlə, universitet əvvəlcə özü öz alimlərinə inanır, sonra dünya bu alimlərə inanır.
Qrant almayan universitet inkişaf edə bilərmi?
Universitetin inkişafına maliyyə lazımdır. Bu maliyyəni ya dövlət, ya özəl sektor verməli, ya universitet özü qazanmalı, ya da kənar qrantlar almalıdır. Bizim reallıqda dövlət az, özəl sektor isə elmə heç nə vermir. Bu halda universitetlərin kənar qrant alması da müşküldür. Məsələn, ETN-nin elan etdiyi sonuncu qrant müsabiqəsinə (süni intellektdən təhlükəsiz istifadə məsələləri üzrə qrant msabiqəsi) absurd tələb qoyulub: bu qrantda univeritet alimləri iştirak edə bilməz?! Qrant yalnız ETN-ə tabe tədqiqat institutlarının alimləri üçündür. Bəs ETİ universitetlərə tabe deyilmi? Hətta ETN-nin tərkibində olan ARTİ alimləri də bura layihə verə bilməzlər. Bu nə deməkdir? ETN konkret elmi problem həll etmək istəyir, yoxsa konkret kimlərəsə qrant vermək istəyir?
Söhbət davamlı elmi- innovativ inkişafdan gedirsə, bilməliyik ki, qrant almayan universitetin inkişafı müşküldür. ETN bunu 30 ildir ki, sübut edir. Çünki, tədqiqat maliyyəsiz mümkün deyil. İnnovasiya investisiya tələb edir, yüksək səviyyəli laboratoriyalar və avadanlıq maliyyə tələb edir, beynəlxalq əməkdaşlıq resurs tələb edir, insan kapitalının inkişafı maliyyə olmadan baş vermir. Maliyyəsiz universitet müəyyən müddət fəaliyyət göstərə bilər, lakin inkişaf edə bilməz. Xüsusən də indiki sürətli texnoloji inkişaf dönəmində.
Bəs belə universitetlər qlobal reytinqlərdə necə yüksələ bilir?
Burada əsas məsələ ondan ibarətdir ki, qlobal reytinqlər universitetin bütün fəaliyyətini ölçmür. Müxtəlif reytinq sistemlərinin meyarları fərqlidir. Məsələn, beynəlxalq müəllimlərin payı, beynəlxalq tələbələrin sayı, elmi məqalələrin sayı, sitatların sayı, reputasiya sorğuları, beynəlxalq əməkdaşlıq, internet görünürlüğü, məzun reputasiyası v.s.
Bəzi universitetlər çoxlu məqalə dərc etdirir, beynəlxalq həmmüəlliflikdən istifadə edir, yüksək sitat gətirən alimləri işə qəbul edir, müəyyən göstəricilər üzrə məqsədli strategiya qurur. Nəticədə reytinq yüksəlir, lakin bu, həmən universitetin ölkənin innovasiya sisteminə real töhfə verdiyi anlamına gəlmir.
Reytinq manipulyasiyası mümkündürmü?
Son illərdə bu barədə çoxlu elmi tədqiqatlar aparılmışdır. Bizim də bəzi yazılarımız olub, bu mövzuda. Müxtəlif ölkələrdə müşahidə olunur ki, yüksək sitatlı alimlərin qısamüddətli işə götürülməsi (bizim təcrübədə 45 legioner alim “rekordu” kimi), məqalələrin kütləvi istehsalı, süni beynəlxalq həmmüəlliflik, yalnız reytinq göstəricilərinə xidmət edən idarəetmə qərarları reytinq artımına səbəb ola bilir. Lakin bunlar uzunmüddətli innovasiya potensialı yaratmır.
Əsl inkişafın göstəriciləri bəs nədir?
Universitetin real inkişafını aşağıdakı indikatorlar daha obyektiv əks etdirir: qrant portfelinin həcmi, müəllim başına qrant məbləği, beynəlxalq qrantların sayı, patentlərin sayı, lisenziyalaşdırılan texnologiyalar, yaradılmış startaplar, sənaye sifarişli layihələr, doktorantların uğuru, elmi nəticələrin iqtisadiyyata tətbiqi, regional problemlərin həllinə verilən töhfə. Bu göstəricilər universitetin yalnız elmi məhsuldarlığını deyil, həm də cəmiyyətə və iqtisadiyyata real təsirini göstərir.
Azərbaycan universitetləri üçün nəticə
Azərbaycan universitetlərinin inkişaf strategiyasında qrant siyasəti əsas prioritetlərdən biri olmalıdır. Bunun üçün:
1. Hər universitetdə daxili qrant fondu yaradılmalıdır (universitet büdcəsinin 10 % həcmində maliyyələşmə ilə).
2. Elm, təhsil və idarəetmə problemlərinin həllinə yönəlmiş tətbiqi layihələr maliyyələşdirilməlidir.
3. Gənc tədqiqatçılar üçün xüsusi qrant proqramları tətbiq edilməlidir.
4. Beynəlxalq qrantların cəlbi üzrə peşəkar qrant ofisləri fəaliyyət göstərməlidir.
5. Rektorların fəaliyyətinin qiymətləndirilməsində əsas göstəricilərdən biri universitetin cəlb etdiyi qrantların həcmi olmalıdır.
6. Daxili qrantların nəticələri patent, innovasiya, təhsil keyfiyyəti və iqtisadi təsir kimi konkret göstəricilərlə qiymətləndirilməlidir.
Universitet qlobal reytinqdə müəyyən dərəcədə yüksələ bilər, hətta böyük qrant portfeli olmadan da. Lakin qrant almayan, əməkdaşlarına daxili qrant verməyən, elmi və təhsil problemlərinin həllinə sistemli investisiya etməyən universitetin uzunmüddətli perspektivdə innovativ universitetə çevrilməsi çox çətindir.
Universitetlər öz inkişaf strategiyalarında qeyd edilən layihələri bəs maliyyəsiz, qrantsız necə həyata keçirirlər? Bəlkə bizim universitetlərin əksəriyyətinin inkişaf strategiyasının, eləcə də ETN-nin strategiyalarının kağız üzərində qalmasının əsas səbəbi elə budur? Reytinq inkişafın yalnız bir indikatorudur, universitetin həqiqi dəyəri isə yaratdığı bilik, hazırladığı insan kapitalı, qazandığı qrantlar, istehsala tətbiq olunan innovasiyalar və dövlətin sosial-iqtisadi inkişafına verdiyi töhfə ilə ölçülməlidir.
Bu baxımdan Azərbaycan üçün belə bir yeni yanaşma təklif etmək olar: universitetlərin fəaliyyətinin qiymətləndirilməsi həm beynəlxalq reytinqinə, həm də “Universitetin İnkişaf İndeksi”nə əsasən aparılsın. Bu indeksə qrant aktivliyi, tədqiqatın keyfiyyəti, innovasiya nəticələri, insan kapitalının inkişafı, sənaye əməkdaşlığı və cəmiyyətə təsir kimi göstəricilər daxil edilsin. Belə bir model universitetləri reytinq naminə deyil, ölkənin uzunmüddətli elmi, texnoloji və iqtisadi inkişafı naminə fəaliyyət göstərməyə təşviq edər.
Bütün bu amillər “Tədqiqat Universitetinin yeni meyarlarında da əks edilsəydi, daha yaxşı olardı.
Dosent İlham Əhmədov









