ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ilə müharibənin 2027-ci ilin yanvarına qədər başa çatdırılması ehtimalı barədə açıqlamasına qeyri-adi reaksiya verib. O, jurnalistlərin sualını eşidəndə yüksək səslə gülüb və Vaşinqtonun belə bir müddət müəyyənləşdirdiyini şübhə altına alıb.
Tribuna.az xəbər verir ki, bu barədə UNIAN agentliyi “The New York Post” nəşrinə istinadən məlumat yayıb.
Jurnalistlər Trampdan Zelenskinin ABŞ nümayəndələrinin müharibəni yanvara qədər başa çatdırmaq istəməsi barədə fikirlərini şərh etməsini istəyiblər.
ABŞ lideri əvvəlcə gülərək “Bunu kim deyib? O, mənim nə etməyimi istəyir?” sualını verib.
Tramp bildirib ki, Ukraynada müharibənin başa çatdırılması üçün konkret vaxt çərçivəsi müəyyənləşdirməyib.
“ Mən heç bir müddətə bağlı deyiləm. Sadəcə bunun başa çatmasını istəyirəm. Bu, bizə aid deyil. Kaş ki, bu gün başa çata idi, amma tanqo oynamaq üçün iki nəfər lazımdır”, – deyə ABŞ prezidenti bildirib.
O, həmçinin Vladimir Putin və Volodimir Zelenskinin danışıqlara münasibətinin dəyişdiyini iddia edib. Trampın sözlərinə görə, bəzən Putin razılaşmaya hazır görünür, Zelenski isə yox, bəzən isə əksinə olur.
Zelenski nə demişdi?
Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl “Bloomberg”ə müsahibəsində ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin müharibənin mümkün qədər tez başa çatdırılmasına çalışdıqlarını bildirmişdi.
Zelenskinin sözlərinə görə, Vaşinqton ideal halda sülh razılaşmasının 2027-ci ilin yanvarına qədər əldə olunmasını istəyir. Bununla belə, o, Ukraynanın əhəmiyyətli güzəştlərə getməsinin tələb oluna biləcəyindən narahatlığını ifadə edib.
Ukrayna lideri sülhün yalnız Kiyevin hesabına əldə edilməməli olduğunu vurğulayıb.
İmran Kərimli









