Rusiyanın Nijni Novqorod vilayətində yerləşən “Savasleyka” hərbi aerodromuna hücum edildiyi və nəticədə beş təyyarənin zədələndiyi iddia olunur.
Tribuna.az xəbər verir ki, bu barədə Ukraynanın UNIAN agentliyi məlumat yayıb.
Telegram kanallarında yayılan məlumatlara görə, hücum nəticəsində Rusiyaya məxsus üç MiQ-31 və iki Su-34 təyyarəsi vurulub.
Bildirilib ki, “Savasleyka” Rusiyanın ən yaxşı müdafiə olunan hərbi aerodromlarından biri hesab edilir. Bu baza xüsusilə MiQ-31K qırıcılarının yerləşdirilməsi və “Kinjal” hipersəs raketlərinin buraxılması üçün istifadə olunması ilə tanınır.
Məlumatlarda hücumun təkcə aerodromla məhdudlaşmadığı da qeyd edilir. Belə ki, Samara vilayətindəki Kuybışev neft emalı zavoduna və Sizran neft emalı zavoduna da zərbələr endirildiyi bildirilir. Hər iki müəssisədə yanğın və avadanlıqların zədələnməsi barədə məlumatlar yayılıb.
UNIAN-ın yazdığına görə, Kuybışev zavodunda ilkin neft emalı qurğularının, Sizran zavodunda isə ilkin emal, katalitik riforminq və dizel yanacağının təmizlənməsi qurğularının zədələndiyi iddia olunur.
Qeyd edək ki, xəbərin yayıldığı vaxta qədər Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən bu hədəflərə hücumla bağlı rəsmi təsdiq verilməyib. Təyyarələrin sayına və zərərin miqyasına dair məlumatlar da müstəqil şəkildə təsdiqlənməyib.
İmran Kərimli









