Uşaq ədəbiyyatı üzrə ilk “Booker” mükafatının səkkiz namizədi açıqlanıb

Uşaq ədəbiyyatı üzrə ilk “Booker” mükafatının səkkiz namizədi açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın nüfuzlu ədəbi mükafatlarından biri olan “Booker” tarixində ilk dəfə uşaq ədəbiyyatı üzrə ayrıca mükafat təsis edilib. Yeni mükafatın 2027-ci il üzrə ilk qalibi uğrunda mübarizə aparacaq səkkiz kitabın qısa siyahısı açıqlanıb.

Tribuna.az  xəbər verir ki, bu barədə “Booker” mükafatının rəsmi saytı məlumat yayıb.

“Children’s Booker Prize” adlanan mükafat 8–12 yaşlı uşaqlar üçün nəzərdə tutulan müasir bədii əsərləri əhatə edir. İlk müsabiqəyə Böyük Britaniya və İrlandiyada 2025-ci il noyabrın 1-dən 2026-cı il oktyabrın 31-dək nəşr olunan, ingilis dilində yazılmış və ya bu dilə tərcümə edilmiş kitablar qəbul edilib.

Münsiflər heyəti 89 əsər arasından səkkiz kitab seçib. Siyahıya beş roman, iki qrafik roman və illüstrasiyalı hekayələr toplusu daxil edilib. Namizədlər arasında məşhur “Artemis Fowl” seriyasının müəllifi Eoin Colferin də əsəri var.

Qısa siyahıya düşən kitablar bunlardır:

  1. “The Worst Thing That Could Possibly Happen” – Guy Bass

  2. “Tadpole Summer” – Catherine Bruton

  3. “War” – Eoin Colfer və Andrew Donkin

  4. “The Night I Borrowed Time” – Iqbal Hussain

  5. “The Teller of Tall Tales” – Liz Hyder

  6. “The Rambler’s Curse” – Mikey Please

  7. “Séamus Almost Famous” – Jessica Scott-Whyte

  8. “Hometown” – Shaun Tan

Mükafatın diqqətçəkən tərəflərindən biri qalibin seçilməsində uşaqların da iştirak etməsidir. Üç yetkin münsifə dörd uşaq – 8–12 yaşlı oxucular qoşulub. Onlar 4 mindən çox müraciət arasından seçiliblər.

Qalib əsərin müəllifi 50 min funt sterlinq mükafat alacaq. Qısa siyahıdakı digər yeddi kitabın hər birinə isə 2 500 funt sterlinq veriləcək. İlk “Children’s Booker Prize” qalibinin adı 2027-ci il fevralın 2-də Londonda açıqlanacaq.

İmran Kərimli