“Məmurların gəlirlərini bilmirik ki, xərcləri ilə müqayisə aparaq”

“Məmurların gəlirlərini bilmirik ki, xərcləri ilə müqayisə aparaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Son illər vəzifəli şəxslərin qanunsuz yolla əldə etdikləri əmlakı öz adlarına deyil, ailə üzvlərinin və yaxın qohumlarının adına rəsmiləşdirməsi məsələsi müzakirə olunur.
Vəzifəli şəxslərin qanunsuz yolla əldə etdikləri əmlakı öz adlarına deyil, ailə üzvlərinin və yaxın qohumlarının adına rəsmiləşdirməsi korrupsiyaya qarşı mübarizədə əsas problemlərdən biri hesab olunur.
Belə hallarda əmlakın həqiqi sahibinin müəyyənləşdirilməsi və vəzifəli şəxslərin qanunsuz gəlirlərinin aşkarlanması çətinləşir. “Maraqlar toqquşması haqqında” qanunun qəbul edilməsi isə bu istiqamətdə yeni hüquqi mexanizmlərin tətbiqi ilə bağlı müzakirələri gündəmə gətirib.
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, “Maraqlar toqquşması haqqında” qanun təkbaşına bu problemi həll etmək gücündə deyil:
“Sözügedən qanun, bildiyim qədərilə, artıq birinci oxunuşda qəbul olunub. Bu qanun sadəcə məmurlar üçün müəyyən məhdudiyyətlər nəzərdə tutur: bu fəaliyyətlə məşğul ola bilməzsən, bunu ala bilməzsən, onu edə bilməzsən və s. Amma onsuz da məmurların əksəriyyəti bu işləri öz adlarına həyata keçirmirlər. Başqalarının, qohumlarının, tanışlarının adına edirlər. Buna görə də hesab edirəm ki, bu qanun heç bir ciddi problemi həll etmir.
Bu qanun başqa bir qanunla birlikdə tətbiq olunsa, problemin həllinə ciddi töhfə verə bilər. Söhbət məmurların gəlir bəyannaməsi haqqında qanundan gedir. Həmin qanun hələ 2005-ci ildə qəbul edilib. Lakin icra olunmur. Çünki Nazirlər Kabineti indiyədək həmin qanunun icrası üçün təsdiq edilməli olan bəyannamə formasını təsdiqləməyib”.
Hüquqşünasın sözlərinə görə, gəlir bəyannaməsi mexanizminin tətbiq edilməməsi vəzifəli şəxslərin gəlirləri ilə xərcləri arasında müqayisə aparmağa imkan vermir:
“Yəni qanun mövcuddur, bəyannamənin məzmununun necə olmalı olduğu da müəyyən edilib, amma forması yoxdur. Nazirlər Kabineti artıq 21 ildir ki, bu məsələni həll etmir. Nəticədə məmurlar gəlir bəyannaməsi təqdim etmirlər.
Halbuki məmurlar gəlirlərini və əmlaklarını bəyan etsələr, sabah qazandıqlarından daha çox xərclədikləri zaman onlara sual verə bilərik: bu vəsait haradandır? Axı sən bu qədər gəlir əldə etməmisən. Belə olan halda, onların hansı fəaliyyətlərlə məşğul ola biləcəyinə və hansı məhdudiyyətləri pozduqlarına nəzarət etmək mümkün olar.
Qəbul edilən bu qanun da məhz gəlir bəyannaməsi haqqında qanunla birlikdə tətbiq olunmalıdır. Amma hazırda biz məmurların real gəlirlərinin nə qədər olduğunu bilmirik ki, onların xərcləri ilə müqayisə aparaq.
Ona görə də hesab edirəm ki, gəlir bəyannaməsi mexanizmi tətbiq edilmədən qəbul olunan bu qanunun ciddi əhəmiyyəti olmayacaq”.