“Alko Holdinq” MMC-yə məxsus anbarda saxta aksiz markaları ilə markalanmış minlərlə ədəd spirtli içki aşkarlanıb.
Tribuna.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin əməkdaşlarının keçirdiyi operativ vergi nəzarəti tədbirləri zamanı qanunsuz məhsullar dövriyyədən çıxarılıb. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 205-1-ci maddəsi ilə cinayət işi başlanılıb.
Cinayət işinə Tovuz Rayon Məhkəməsində baxılıb.
Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, “Alko Holdinq” MMC-nin direktoru 2025-ci ilin iyun ayının sonlarında istintaqa məlum olmayan mənbədən saxta aksiz markaları ilə markalanmış ümumilikdə 5 589 ədəd müxtəlif növ spirtli içki əldə edərək satış məqsədilə şirkətə məxsus Tovuz rayonunun Əyyublu kəndində yerləşən anbarda saxlayıb.
Aşkarlanan məhsullar arasında 2 655 ədəd “N1 ORGANIC”, 1 020 ədəd “ORGANIC SARI”, 616 ədəd “ORLOVSKAYA KREPOST”, 592 ədəd “ORGANIC PRIRODA”, 252 ədəd “ORGANIC ROSINKA YAŞIL”, 198 ədəd “ORGANIC ROSINKA”, 163 ədəd “ORGANIC KRAFİNKA”, 72 ədəd “ORGANIC PREMIUM” və 21 ədəd “ORGANIC PREMIUM PARLAMENT KVADRAT” markalı spirtli içki olub.
Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilib. O bildirib ki, 2024-cü ildə “Alko Holdinq” MMC-ni təsis edib və Tovuz rayonunun Əyyublu kəndində yerləşən anbarı aylıq 400 manat müqabilində icarəyə götürərək alkoqollu və alkoqolsuz içkilərin topdan və pərakəndə satışı ilə məşğul olub.
Onun sözlərinə görə, yoxlamadan təxminən bir həftə əvvəl tanımadığı bir şəxs ona bazar qiymətindən xeyli aşağı qiymətə alkoqollu içkilər təklif edib. O da həmin şəxsdən təxminən 5 600 ədəd spirtli içki alaraq anbarda saxlayıb. Təqsirləndirilən şəxs məhsulların alışı zamanı heç bir elektron qaimə-fakturanın təqdim edilmədiyini, ödənişi nağd şəkildə etdiyini və aksiz markalarının saxta olmasından xəbərsiz olduğunu iddia edib.
Məhkəmənin hökmünə əsasən, “Alko Holdinq” MMC-nin direktoru 1 il 6 ay müddətinə spirtli içkilərin alğı-satqısı fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilib və 2 300 manat məbləğində cərimə cəzasına məhkum olunub.
Qeyd edək ki, “Alko Holdinq” MMC 2024-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 100 manatdır. 2024-cü ilin sentyabr ayından etibarən şirkətin qanuni təmsilçisi Həsənov Məhəmməd Ənvər oğludur.
Qaynarinfo









