Rusiyanın Kaluqa vilayətində məhkəmə icraçıları yarım milyon rubl aliment borcu olan şəxsi nikahını qeydiyyata aldırdıqdan dərhal sonra saxlayıblar.
Tribuna.az xəbər verir ki, bu barədə Federal Məhkəmə İcraçıları Xidmətinin Kaluqa vilayəti üzrə idarəsi məlumat yayıb.
Məlumata görə, Kaluqa sakini uzun müddət azyaşlı övladına aliment ödəməyib və borcunun məbləği 500 min rubla çatıb. O, axtarışa verilib.
Məhkəmə icraçıları şəxsin Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsində nikah bağlayacağını öyrənərək mərasim keçirilən ünvana gəliblər. Nikah mərasimindən sonra kişi saxlanılaraq məhkəmə icraçılarının idarəsinə aparılıb.
O, aliment öhdəliyini yerinə yetirmədiyinə görə inzibati məsuliyyətə cəlb edilib və 50 saat ictimai iş cəzası alıb. Borcunu ödəmədiyi halda isə onun barəsində cinayət işi başlana bilər.









