Ağamirzənin vəsiyyəti gündəm oldu: “Yasımda yemək verilməsin”

Ağamirzənin vəsiyyəti gündəm oldu: “Yasımda yemək verilməsin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış meyxanaçı Ağamirzə Məmmədovun vəsiyyəti sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Ağamirzə Məmmədov yas mərasimlərinin keçirilməsi ilə bağlı konkret şərtlər qoyub:

“Mən insanlara səslənirəm, yasımda 3-4 saat əyləşməyin. Gəlin, 5-10 dəqiqə oturun və gedin. Vəsiyyət etmişəm ki, yasımda yemək verilməsin. Yalnız bir stəkan çay içib, “Allah rəhmət eləsin” deyib ayrılın”.

Onun bu açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi izləyicilər meyxanaçının fikirlərini ehsana qarşı çıxmaq kimi qiymətləndiriblər.

Ağamirzə Məmmədov Qaynarinfo-ya açıqlamasında isə bildirib ki, ehsan imkanlı şəxslərin süfrəsində deyil, ehtiyacı olan insanlara verilməlidir:

“Ehsan qocalar evinə, uşaq evlərinə verilsin, internatda olan uşaqlara paylansın. İmkansız ailələrə çatdırılsın. Mən ehsan verilməsini istəmirəm. Gəlsinlər, başsağlığı verib 15 dəqiqə otursunlar və çıxsınlar. Mənim ehsanım qeybət məkanı deyil. Mən getdiyim məclislərin heç birində çörək yemirəm, çay da içmirəm. 15 dəqiqə oturub çıxıram. Adam var, saatlarla yas məclisində oturur. Bu qədər məclisdə oturmaq olar? Məclisdə bir-biri ilə lətifə danışır, zarafatlaşır, hətta qeybət də edirlər. Yemək gəlməmiş, ondan yeməmiş ayağa qalxan yoxdur”.

Meyxanaçı daha bir vəsiyyətini də açıqlayıb. O, yaxınlarına yas mərasiminin 40 gündən artıq davam etməməsini tapşırdığını bildirib:

“Yaxınlarıma demişəm ki, 40 gündən artıq yas saxlamayın. 40 gündən sonra hər kəs öz işində olsun. Nə qədər yas saxlamaq olar? Demişəm ki, camaatı saatlarla qəbir üstünə aparmayın, yolda tıxac yaratmayın. 40 dəqiqə qəbir üstündə oturmayın, camaatı soyuğa verməyin. Kimin imkanı varsa, Allaha yalvarsın, desin ki, bütün günahkarları bağışla, Ağamirzəni də bağışla. Mənim üçün əsl dua, ehsan budur. Hamımızın yeri oradır, geci-tezi var”.