“Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü əvvəllər Bakının xahişi ilə təxirə salınmışdı”.
Tribuna.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, ER baş nazirinin müavini Tiqran Xaçatryan hesab edir ki, Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında təxirə salınmış Vaşinqton danışıqları tezliklə baş tuta bilər.
Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında gələn həftə Vaşinqtonda planlaşdırılan müzakirələrin növbəti raundu Bakının xahişi ilə təxirə salınıb.
Bakının İrəvanın sülh sazişi ilə bağlı təkliflərinə cavab verib-vermədiyini soruşduqda, Xaçatryan deyib ki, bu, işçi prosesdir və tərəflər fikir mübadiləsi aparır.
Ermənistan baş nazirinin müavini jurnalistlərə bildirib ki, “Ən əsası odur ki, son müzakirələr zamanı tərəflər mövqelərinin yaxınlaşmasını müəyyən ediblər”.
Baş nazirin müavini Ermənistan tərəfinin cavab alıb-almaması ilə bağlı dəqiqləşdirici suala cavab olaraq deyib: “Əminəm ki, hansısa mərhələdə erməni tərəfi təkliflər alıb”.
Son təkliflərə gəlincə, o, bu məsələ ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinə müraciət etməyi tövsiyə edib.









