Avropa İttifaqı Komissiyasının sədri Ursula Von der Leyen Türkiyədə keçirilən seçkiləri yaxından izlədiklərini, yüksək fəallığın böyük nailiyyət olduğunu və ikinci turu gözlədiklərini bildirib.
Tribuna.az Haber Global-a istinadən xəbər verir ki, Von der Leyen, Avropa İttifaqı Şurasının sədri Çarlz Mişel ilə keçirdiyi mətbuat konfransında Türkiyədə keçirilən prezident seçkilərini və 28-ci dönəm parlament seçkilərini dəyərləndirməsi ilə bağlı sualı cavablandırıb.
Von der Leyen Türkiyənin onlar üçün mühüm tərəfdaş olduğunu bildirib və bu ifadələri işlədib: “Bu seçkilərdə böyük fəallıq həqiqətən də yaxşı xəbərdir, çünki bu, Türkiyə xalqının gedib səs vermək üçün demokratik hüquqlarından istifadə etməyə sadiq olduğunu və demokratiyaya dəyər verdiyini göstərir. Bu, dünənki seçkilərin böyük qələbəsidir. Seçkilər hələ də davam edir. İndi ikinci raundu gözləyirik”.
AB Şurasının sədri Mişel isə seçkilərdə yüksək fəallığa görə Türkiyə vətəndaşlarını təqdir etdiyini bildirib.
Demokratik ölkələrdə seçki prosesinin əhəmiyyətinə işarə edən Mişel bu prosesin nəticəsini izləyəcəklərini bildirib.









