Azyaşlılar və yeniyetmələrlə, məktəblilərlə işləyən şəxslər psixoloji müayinələrdən keçməlidir. Bu gün idman zalında baş verən faciəyə bənzər hadisələr dövlət və özəl bağçalarda da yaşanır. Dəfələrlə azyaşlıların, körpələrin bağçalarda döyüldüyünün şahidi olmuşuq. İstənilən şəxs kurs, məşq zalı, bağça açanda nəticə belə olur. Bu cür yerlər işlədən şəxslər xüsusi yoxlanılmalı, psixologiyasının buna imkan verib vermədiyi öyrənilməlidir.
Bu sözləri Tribuna.az-a təhsil üzrə ekspert Kamran Əsədov Sumqayıtda 7 yaşlı uşağın idman zalında məşqçisi tərəfindən döyülərək öldürülməsi və buna gətirən səbəblər barədə danışarkən deyib. Ekspert qeyd edib ki, baş vermiş faciə bir neçə məqamı üzə çıxarmış oldu – ümumtəhsil məktəblərində tədrisin, xüsusilə idman fənnin əhəmiyyətsiz bir fənn kimi yola verilməsini, azyaşlılarla işləyən xidmət sektorundakı çox ciddi problemləri:
“Bu gün 7 yaşlı məktəblinin ölümünə səbəb olan idman zalındakı hadisə göstərdi ki, hər kəs əlinə fürsət düşən kimi bir otaq, zal götürüb orada dərs, məşq xidməti göstərir. Heç kəs də həmin şəxslərin bu xidməti göstərməsi üçün hüquqi və psixoloji baxımdan haqqının olub-olmadığını yoxlamır. İstənilən şəxs, hətta azyaşlılarla işləmə qabiliyyəti olmayanlar belə qeydiyyatdan keçib azyaşlılara xidmət göstərər bilər. Bağçalarda körpələrin döyülməsi halları da məhz bu məsuliyyətsiz yanaşmanın nəticəsidir. Bu illər ərzində neçə dəfə dövlət və özəl bağçalarda uşaqlara şiddət göstərilməsinin şahidi olmuşuq. Mütləq ölüm halı olmalıdır ki, hərəkətə keçilsin?
Hər idmançı azyaşlılarla işləyə bilmir, hər idmançı məşqçi ola bilmir. Azyaşlılarla, uşaqlarla işləmək xüsusi qabiliyyət tələb edir”.
K.Əsədov bildirib ki, azyaşlılara, yeniyetmərə xidmət göstərən idman zalları, hazırlıq kursları, repetitor otaqları daimi onlayn rejimdə işləyən kamera ilə təchiz olunmalıdır:
“İlkin tibbi yardımn göstərilməsi üçün avadanlıqlarla təchiz olunmalıdır. Bu cür yerlər işlədən şəxslər xüsusi yoxlanılmalı, psixologiyasının buna imkan verib vermədiyi öyrənilməlidir. Bu cür müayinələr bir dəfə deyil, ay ərzində aparılmalıdır. Həmin şəxslər tez-tez yoxlanılmalıdır. Dövlət tərəfindən konkret və məcburi tələblər qoyulmalıdır”.










