Azyaşlı öyrənənlər (Young Learners) kvalifikasiya imtahanına qeydiyyat elan edilib.
Tribuna.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, imtahan oktyabrın 17-də keçiriləcək. Qeydiyyat sentyabrın 1-dək davam edəcək.
Qeyd olunub ki, bu kvalifikasiya 6–12 yaşlı uşaqların ingilis dilini öyrənməyə marağının artırılması məqsədilə hazırlanıb. İmtahan iştirakçılarına Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu tərəfindən beynəlxalq səviyyədə tanınan sertifikat təqdim olunur.
DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri kimi “Cambridge English Qualifications” və “Cambridge English Teaching” imtahanlarını təşkil edir.
İmtahanda iştirak etmək istəyən namizədlər qeydiyyatdan müvafiq elektron keçid vasitəsilə keçə bilərlər.
İmtahana gələn namizədlər özləri ilə “Confirmation of Entry” (CoE) sənədini, rəngli karandaşları, pozanı, yonanı və etiketsiz su gətirməlidirlər.









