YENİ MƏDƏNİYYƏT NAZİRİ KİMDİR? – DOSYE

YENİ MƏDƏNİYYƏT NAZİRİ KİMDİR? – DOSYE

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Adil Qabil oğlu Kərimli Azərbaycan Respublikasının mədəniyyət naziri təyin edilib.

Tribuna.az xəbər verir ki, Adil Qabil oğlu Kərimli 22 oktyabr 1979-cu ildə Bakı şəhərində anadan olub. 1986-cı ildən Bakı şəhər 42 nömrəli məktəbdə təhsil almış, 1995-ci ildə ekstern imtahanlar verərək orta məktəbi bitirmiş və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub.
1999-cu ildə BDU-nun Hüquq fakültəsinin bakalavr, 2001-ci ildə isə magistr pillələrini fərqlənmə diplomları ilə bitirib.

Adil Kərimli əmək fəaliyyətinə 1999-cu ildə “Hüquq ədəbiyyatı” nəşriyyatında hüquq məsləhətçisi kimi başlayıb. 2001–2003-cü illərdə Bakı Hüquq Mərkəzində baş hüquq məsləhətçisi olub. 2001-ci ildən Bakı Dövlət Universitetində müəllim və 2011-ci ildən isə baş müəllim işləyib. 2003–2009-cu illərdə “Great Wall Drilling Company” şirkətinin Azərbaycan nümayəndəliyində Hüquq departamentinin rəhbəri vəzifəsində çalışıb.
2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətində əvəzçilik üzrə hüquq və beynəlxalq əlaqələr departamentinin direktoru vəzifəsində işləyib. 2007–2011-ci illərdə “Eurovision” Mahnı Müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, 2011-ci ilin avqust ayından 2012-ci ilin avqust ayınadək Bakı şəhərinin ev sahibliyi etdiyi “Eurovision” Mahnı Müsabiqəsi–2012 İşçi qrupunun rəhbəri vəzifəsində çalışıb.

Heydər Əliyev Fondunun işğaldan azad edilən ərazilərdəki bərpa-quruculuq layihələrinin, fondun bir sıra ölkələrdə təşkil etdiyi Azərbaycan mədəniyyəti günləri üzrə işçi qrupunun üzvü olub. Heydər Əliyev Fondunun Almaniya, Böyük Britaniya, İtaliya və Fransadakı mədəniyyət layihələrinin kuratoru kimi çalışıb.

2004–2010-cu illərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olmuşdur. 1 iyul 2022-ci ildə yenidən Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilmişdir. 2014-cü ilin may ayından Azərbaycan Avtomobil Federasiyasının İdarə Heyətinin üzvüdür.
İngilis və rus dillərini bilir. Ailəlidir, üç övladı var. Hərbi-hüquqşünas ixtisaslaşması üzrə ehtiyatda olan zabitdir.