Albaniyanın Baş naziri Edi Rama Romaya rəsmi səfəri zamanı italiyalı həmkarı Corciya Melonini salamlamaq üçün növbəti dəfə onun qarşısında diz çöküb.
Tribuna.az xəbər verir ki, onun bu jesti artıq üçüncü dəfə təkrarlaması maraqla qarşılanıb.
Bir çoxları Ramanın bu addımını Meloniyə qarşı hörmət və şəxsi səmimiyyət əlaməti kimi şərh edib. Lakin bu jestin yüksəksəviyyəli tədbirlərdə dəfələrlə təkrarlanması onun diplomatik protokola uyğunluğu və Albaniyanın siyasi imicinə təsiri baxımından suallar doğurub. İddia olunur ki, bu hərəkətlərin tez-tez təkrarlanması diqqəti siyasətdən teatrallığa yönəltmək riski daşıyır.
Görüşdə diqqətçəkən digər məqam isə siyasətçilərin boy fərqi olub. Belə ki, boyu 198 sm olan Edi Rama ilə 163 sm boya malik Meloninin yanaşı şəkil çəkdirməsi maraqlı görüntüyə səbəb olub.
Qeyd edək ki, Albaniyanın hökumət başçısı 2025-ci ilin yanvarında Əbu-Dabidə keçirilən beynəlxalq sammit zamanı, həmçinin ötən ilin mayında Tiranada “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimində də Meloni qarşısında diz çökmüşdü.









