Bu avtomobillər ucuzlaşacaq– Yeni qaydalar gündəmdə

Bu avtomobillər ucuzlaşacaq– Yeni qaydalar gündəmdə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“İkinci əl” avtomobillərin satışı üçün yeni prosedur müəyyənləşir. Bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, avtomobil satışı fəaliyyəti ilə məşğul olan rəsmi dilerlər tərəfindən istehsal tarixi 5 ildən artıq olmayan və yalnız nağdsız qaydada əldə olunan ikinci əl avtomobillərin satışı zamanı 3 il müddətinə əlavə dəyər vergisinin (ƏDV) ticarət əlavəsindən hesablanması təklif olunur.
Qeyd edilib ki, diler şəbəkələri ilə keçirilmiş görüşlər zamanı qaldırılan əsas məsələlərdən biri istehsal tarixi 5 ildən artıq olmayan “ikinci əl” avtomobillərin alqı-satqısı əməliyyatları üzrə yaranan ƏDV yükünün yüksək olması ilə bağlı olub.
Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında iqtisadi ekspert Akif Nəsirli bildirib ki, bu təklifin əsas mahiyyəti ikinci əl avtomobillərin rəsmi dilerlər vasitəsilə satışını stimullaşdırmaq və bu sahədə vergi yükünü azaltmaqdır:

“İndiyədək ikinci əl avtomobilin satışında ƏDV-nin hesablanması dilerlər üçün əlavə maliyyə yükü yaradırdı. Təklif olunan dəyişiklik isə istehsal tarixi 5 ildən artıq olmayan və yalnız nağdsız qaydada əldə edilmiş avtomobillərin rəsmi dilerlər tərəfindən satışına şamil olunmaqla ƏDV-nin avtomobilin tam satış qiymətindən deyil, alış və satış qiyməti arasındakı fərqdən, yəni ticarət əlavəsindən hesablanmasını nəzərdə tutur. Bu, dilerlərin xərclərini azalda və ikinci əl avtomobil bazarında rəsmi satış kanallarının inkişafına şərait yarada bilər.

Burada əsas məqsədlərdən biri ikinci əl avtomobil bazarını daha şəffaf və leqal iqtisadi dövriyyəyə cəlb etməkdir. Çünki avtomobil alqı-satqısının əhəmiyyətli hissəsinin qeyri-rəsmi qaydada həyata keçirilməsi həm vergi nəzarətini çətinləşdirir, həm də alıcıların hüquqlarının qorunması baxımından müəyyən problemlər yaradır. Rəsmi dilerlərin bu bazarda fəallaşması avtomobillərin texniki vəziyyətinə, satış tarixçəsinə və sənədləşməsinə daha ciddi nəzarət imkanları yarada bilər”.
Ekspert əlavə edib ki, avtomobil qiymətlərinə gəlincə, bu dəyişiklik birbaşa bahalaşma yaradan mexanizm deyil:
“Əksinə, dilerlərin vergi yükünün azalması qiymətlərin sabit qalmasına və müəyyən hallarda daha münasib təkliflərin ortaya çıxmasına imkan verə bilər. Ancaq vergi güzəştindən əldə olunan üstünlüyün nə qədərinin alıcıya çatacağı, nə qədərinin dilerlərin mənfəətində qalacağı bazardakı rəqabətdən asılı olacaq. Buna görə də qiymətlərin mütləq ucuzlaşacağını söyləmək də doğru olmaz. Ümumilikdə, bu təşəbbüsün nəticəsi təkcə vergi güzəşti ilə deyil, onun bazarda yaratdığı rəqabət və şəffaflıqla ölçülməlidir. Əsas məsələ odur ki, vergi yükünün azaldılması alıcıların da maraqlarına xidmət etsin, yoxsa güzəşt yalnız avtomobil satışı ilə məşğul olan şirkətlərin əlavə gəlirinə çevrilsin”.