ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların yenidən genişləndirilə biləcəyini istisna etməyib. O, Tehrana növbəti zərbələrin endirilməsi ehtimalından danışarkən ölkənin qalan hissəsinin də məhv edilə biləcəyini bildirib.
Tribuna.az xəbər verir ki, Tramp bu barədə noyabrın 5-də Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“İmkan daxilində ölkənin qalan hissəsini məhv etmək istəməzdim, amma bəlkə də bunu etməli olacağam. Tezliklə xəbəriniz olacaq”, – deyə ABŞ prezidenti bildirib.
Tramp İranın nüvə silahına sahib olmasına heç bir halda icazə verməyəcəklərini vurğulayıb. Onun sözlərinə görə, Vaşinqton hazırda hərbi əməliyyatları davam etdirmək, yoxsa başqa yola üstünlük vermək barədə qərar verməlidir.
Amerika lideri İranın müharibədən sonra bərpasının təxminən 25 il çəkə biləcəyini də iddia edib.
Bu açıqlama ABŞ-da noyabrın 3-də keçirilən aralıq seçkilərindən sonra səsləndirilib. Respublikaçıların seçkilərdə ciddi itkilər verməsi və İranla müharibənin ABŞ iqtisadiyyatına təsiri Vaşinqtonda siyasi müzakirələri gücləndirib.
“Axios” nəşrinin məlumatına görə, Tramp milli təhlükəsizlik komandası ilə görüşərək İrana qarşı növbəti addımları müzakirə edib. Administrasiya hərbi zərbələrin bərpası, iqtisadi təzyiqlərin davam etdirilməsi və diplomatik razılaşma variantlarını nəzərdən keçirir.
ABŞ Mərkəzi Komandanlığı mümkün genişmiqyaslı hərbi əməliyyatlar üçün hazırlıqları davam etdirir. Lakin hələlik Vaşinqtondan yeni hücum əmri verilməyib.
Beləliklə, ABŞ və İran arasında müharibənin yenidən genişlənməsi ehtimalı qalır. Bununla yanaşı, vasitəçilər iki ölkə arasında nüvə proqramı və Hörmüz boğazı ilə bağlı razılaşma əldə etmək üçün diplomatik səylərini davam etdirirlər.
İmran Kərimli









